Boliviya prokurorluğu Moralesə qarşı daha bir cinayət işi açıb

29 Fevral 2020 07:24 (UTC+04:00)

La-Pas prokurorluğu 2019-cu ilin payızında prezident seçkilərində səsləri manipulyasiya etdiyinə görə keçmiş Boliviya Prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia və üç keçmiş nazirə qarşı yeni cinayət işi açıblar.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə La-Pas şəhərinin prokuroru Marko Antonio Kossio yerli “ATB Digital”a müsahibəsində bildirib.

“Cənab Moralesə qarşı aparılan yeni proses onun nazirlərinin seçki saxtakarlığı ilə əlaqəli istintaqını genişləndirməyə imkan verir. Bunun üçün Ali Seçki Məhkəməsinin keçmiş üzvləri artıq cinayət məsuliyyətinə cəlb edilib”, - Kossio belə deyib.

Prokurorun sözlərinə görə, məlumatların manipulyasiyası ilə bağlı göstərişlərin qeyri-iş saatlarında Ədliyyə Nazirliyinin işçilərinə ötürülməsinə dair sübutlar var. Yeni cinayət işi Moralesin prezident seçkilərindəki rəqibi, yenidən prezident seçkiləri uğrunda mübarizəyə qoşulan eks-prezident Karlos Mesanın tələbi əsasında açılıb.