Türkiyə-Rusiya ittifaqı başa çatır? ŞƏRH-ÖZƏL

28 Fevral 2020 16:04 (UTC+04:00)

“İdlib Suriya münaqişəsinin kuliminasiya nöqtələrindən biridir. Çünki keçmiş müttəfiqlər qarşıya-qarşıya gəliblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, əvvəllər də Rusiya ilə Türkiyə arasında müəyyən qarşıdurma olsa da, vəziyyət indiki kimi gərginləşməmiş, bu qədər təlafat olmamışdı: “Belə olan halda ilk sual doğuran məsələ Rusiya ilə Türkiyə arasında ittifaqın sona çatması ilə bağlıdır. Bununla yanaşı, Suriyanın bundan sonrakı taleyi, eləcə də Astana məsələsi də hər kəsi maraqlandıran məsələlərdəndir. Baş verənlər həm də Soçi razılaşmasının gələcəyini sual altında qoyur”.

2018-ci ilin sentyabr ayında Türkiyə və Rusiya İdlibdə deskolasiya zonasının yaradılması, hökumət qüvvələrinin deyil, məhz qeyri-rəsmi qoşunların, terroçu hesab edilən qüvvələrin həmin ərazidən çıxarılması ilə bağlı razılığa gəldiklərini xatırladan politoloq söyləyib ki, həmin ilin oktyabrın 15-dək bu razılaşmanı həyata keçirlmək planlaşdırılmışdı: “ Lakin bu proses göründüyü kimi bu günə qədər hələ də həllini tapmayıb”.

N. Məmmədova söyləyib ki, hazırda baş verənlə proseslərin təbii qanunauyğunluğu şəklində gedir: “Koalisiyalar, ittifaqların əvvəli olduğu kimi sonu da olur. Əbədi mütəffiqlik münasibətləri yoxdur. Dövlətlər müharibələrdə, savaşlarda müttəfiq olurlar, əsas düşmən obrazı aradan qalxdıqdan sonra isə münasibətlər korlanır. Biz bunu ABŞ-ın timsalında görürük. Nə qədər ki, ABŞ Suriyada idi. Rusiya- Türkiyə müttəfiqliyi daha möhkəm idi. Çünki ümumi düşmən var idi və ona qarşı müttəfiqlik tələb olunurdu. Düşmən obrazı artıq oradan çəkilməyə başladıqda köhnə müttəfiqlər arasında narazılıqlar açıq şəkildə özünü göstərir”.