Uşaqları virusdan necə qorumalıyıq? BAŞ PEDİATRDAN TÖVSİYƏ

28 Fevral 2020 15:03 (UTC+04:00)

“Respirator infeksiyalardan qorunmaq yeni bir məsələ deyil. Çünki, respirator infeksiya müxtəlif vurislardan törənir. Xüsusilə də uşaqlarda respirator infeksiyalara diqqət edilməli, onları qorumalıyıq”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın baş pediatr Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, valideynlər bilməlidir ki, uşaqda hər hansı xətəlik əlaməti varsa, onun nə baxçaya, nə məktəbə, nə də ali təhsil müəssisəsinə buraxmaq olmaz: “Birinci ona görə ki, xəstələnən adamda müxtəlif fəsadlar yarana bilər. İkincisi aparılan tədqiqatlar, müşahidələr göstərir ki, bir nəfər 10 nəfərlik kollektivə xəstə şəklində daxil olursa, ən azı orada 3-5 nəfəri yoluxdurmuş olur. Bu baxımdan xəstəlik əlaməti olan uşaqları kütləvi yerlərə göndərmək məsləhət görülmür”.

Baş pediatr qeyd edib ki, uşaqları səhər yeməyi yemədən evdən ac buraxmaq olmaz: “Bütün uşaqlar mövsümə uyğun olaraq geyindirilməli, yüksək kalorili normal qida maddələri ilə təmin edilməlidir. Bunlara riayət etmədikdə uşaqların immunitetin reaktivliyini biraz da zəifləməsinə, xəstələnməsinə səbəb olur. Bunlara təkcə koronavirusla bağı mübarizədə deyil, bütün viruslara qarşı görüləcək tədbirlərdir”.

N. Quliyev vurğulayıb ki, koronavirusu digər xəstəliklərlə müqayisə edəndə bu virusdan ölüm faizi cəmi 2.6,-3 faizə qədər, onlardan cəmi 0.001 faizi uşaqların payına düşür: “Amma digər Sars virusundan ölüm faizi 9.6 faiz olub. Bu baxımdan uşaqlarımızı tək bir virusdan deyil, bütün respiretor infeksiyalardan qorumalıyıq. Burada gigiyenik qaydalara əməl etmək də çox vacibdir. Uşaqların əllərini sabunla yuması mütləqdir. Əlləri sabunla yumaq ən azı 1 dəqiqə çəkməlidir. Çünki, tibb ictimaiyyətinin apardığı müşahidələr göstərir ki, infesiyalara yoluxma ən çox hava damcı yolu ilə olursa, ikinc yerdə çirkli əllər durur”.