“Azərbaycanın mədəni marşrutlar potensialı” adlı müşavirəsi keçirilir FOTOLAR

28 Fevral 2020 13:21 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi işə başlayıb. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müşavirədə dövlət və özəl sektor və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayevin, Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin və adıçəkilən qurumdan daha 2 nəfər ekspertin mövzu ilə əlaqədar çıxışları dinlənilib.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.

Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.