Maskalardan necə istifadə etməliyik? Epidemioloq MƏSLƏHƏTİ-ÖZƏL

28 Fevral 2020 13:08 (UTC+04:00)

“Virusdan qorunaq üçün istənilən qoruyucu maskadan istifadə etmək olar. Yalnız ondan günlərlə istifadə edilməməlidir, tez-tez dəyişdirilməlidir”. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev deyib.

O bildirib ki, maskadan günlərlə istifadə etməklə ora düşən selik damcılar vastiəsilə təkrar yoluxmaq mümkündür.

Onun sözlərinə görə, maskanı digər vasitələrlə əvəz etmək olar: “ Ümumiyyətlə insanlar virusdan qorxmamalı, gigiyenik qaydalara əməl etməlidirlər. Adi bintlərdən də maska kimi istifadə etmək mümkündür. Əgər yaxınlığınızda soyuqdəymə, qrip əlamətləri olan insan varsa, o zaman həmin ərazidən mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə halsızlıq, soyuqdəymə, hərarət halları aşkar etdikdə, dərhal həkimə müraciət edin”.

İ.Ağayev qeyd edib ki, iş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir: “Qapı dəstəklərini, mətbəx mebellərini, stol, telefon klaviatura, vanna otağı təmiz saxlanılmalıdır”.

Baş epidemioloq bildirir ki, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: “Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”.