D-18-in məhvi: Ruslan İzzətli əxlaqsız və dələduzuymuş! ŞOK İTTİHAMLAR+FOTOLAR

28 Fevral 2020 12:05 (UTC+04:00)

Hərəkatın “lideri” Ruslan İzzətli ittihamçılar tərəfindən haqlı olaraq hədəf götürülüb və onun hazırkı dövrə qədər törətdiyi əməlləri açıq-aşkar üzünə vurulub

Azərbaycanın siyasi səhnəsində daim qalmaqallar, qarşıdurmalar və ziddiyyətlər fonunda və sözün əsl mənasında sürünən müxalifətyönlü partiya və hərəkatlar daxilində baş verən bənzər hadisələr bu dəfə D-18 adlı hərəkatda təkrarlandı. Maraqlısı isə ondadır ki, bu dəfə də əsas ittihamlar əxlaqsızlıq, dələduzluq və s. bu kimi mövzular üzərində səslənib. Yəni hərəkatın “lideri” Ruslan İzzətli ittihamçılar tərəfindən haqlı olaraq hədəf götürülüb və onun hazırkı dövrə qədər törətdiyi əməlləri açıq-aşkar üzünə vurulub. Əslində, siyasətlə maraqlanan ictimai rəy dəfələrlə belə hadisələrin şahidlərinə çevrilib. İstər AXCP-də, istər Müsavatda, istərsə də digər ənənəvi müxalifət partiyalarında baş verən əxlaqsızlıq sindromları necə deyərlər, adətkərdə şəklini alıb. Biz bir müddət öncə biz Qənimət Zahidin və Azər Əhmədovun əyyaşlığı və əxlaqsızlıqları barədə yazmışdıq. Yaxud “Milli Şura”nın üzvü Vidadi Mirkamalın evli qadınlara qarşı tərbiyəsizlikləri, nalayiq hərəkətləri barədə də kifayət qədər məlumatlar işıqlandırılıb. Habelə, AXCP funksioneri Fuad Qəhrəmanlının ailədaxili mazoxistlik meyllərinin nəticələri haqqında da media ictimaiyyətə informasiyalar verdi. Sanki belə həyat tərzi qaragüruhçuların boylarına biçilməklə yanaşı, onların gündəlik yaşamlarına çevrilib desək, yanılmarıq.

Ruslan İzzətli ictimaiyyət qarşısında bəyan etdiyi prinsiplərə və dəyərlərə tamamilə zidd biridir

Beləliklə, bütün bunların fonunda növbəti hadisənin D-18 hərəkatının “lideri” R.İzzətlinin timsalında yaşanması heç də təəccüb doğurmur, sadəcə təəssüf doğurur. Məsələ isə ondadır ki, İzzətlinin əxlaqdankənar hərəkətlərinə etiraz olaraq təşkilatdan qalmaqallı istefalar başlayıb. SİA-ya daxil olan məlumata görə, artıq hərəkatın bir sıra üzvləri “Facebook” vasitəsi ilə bəyanatlarla çıxış edərək D-18 hərəkatında baş verənləri ictimaiyyətə çatdırıblar və istefa verdiklərini bəyan ediblər. Belə ki, istefaya gedənlərin bəyanatlarına əsasən R.İzzətli ictimaiyyət qarşısında bəyan etdiyi prinsiplərə və dəyərlərə tamamilə zidd biridir. O, hətta təşkilatda tutduğu rəhbər mövqedən istifadə edərək, hərəkatın xanım üzvlərinə qarşı əxlaqsızlıqlar törətməyə cəhdlər göstərib, seksual xarakterli təkliflər irəli sürüb, onları birgə intim həyat yaşamağa dəvət edib. Halbuki, R.İzzətli evlidir və ailəsi var!

D-18-in istefa verən fəalı Rəşad Umbayev: “Etik və əxlaq qaydalarına uyğun olmayan nalayiq hərəkətinin şahidi olduqdan sonra artıq bu hərəkatda qala bilməyəcəyimi başa düşdüm”

Biz, elə də uzağa getməyərək əsasən istefa verənlərin sosial şəbəkədə ictimailəşdirdikləri bəyanat xarakterli ittihamlarına nəzər salmaq istərdik. Misal üçün, D-18-dən istefa verdiyini elan edən Rəşad Umbayev yazır ki, o hərəkatın ənənəvi, qərargahlarda oturub nərd atan “pensioner müxalifətçilərin” partiyalarından fərqli, daha dinamik, gənclərin öz ideyalarını reallaşdırması üçün azad mühit yaradan təşkilat olduğuna inanaraq 4 il əvvəl ora qoşulmuşdu. Lakin hərəkatda gördükləri onu məyus edib və hiddətləndirib. SİTAT: “Hərəkat başqanının (Ruslan İzzətlinin – R.R.) xanım üzvünə qarşı (adını çəkməyi etik baxımdan düzgün saymıram) etik və əxlaq qaydalarına uyğun olmayan nalayiq hərəkətinin şahidi olduqdan sonra artıq bu hərəkatda, həmin şəxsin rəhbərlik etdiyi təşkilatda dayana bilməyəcəyimi, buna vicdanımın əl verməyəcəyini başa düşdüm. Məhz buna görə də D-18 hərəkatından ayrıldığımı, həmin quruma dair daşıdığım bütün məsuliyyətə son verdiyimi rəsmən bəyan edirəm!.

D-18-in istefa vermiş digər fəalı Səkinəxanım Məmmədova: “Hadisənin real səbəblərindən hali olacaq şəxslərin həmin “siyasi” qurumda uzun müddət qalmayacağına da əminəm”

Hərəkatın başqa bir üzvü - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ingilis dilində təhsil alan Səkinəxanım Məmmədova isə qeyd edir ki, D-18 hərəkatında daxili intizamsızlıq, münaqişələr, bağışlanmaz səhvlər görüb və nəhayət R.İzzətlinin hərəkatın qarşı əxlaqsız hərəkətləri haqda eşidərək oradan ayrılmağı qərara alıb. SİTAT: “O cür şəxsin sədr olduğu bir qurumda fəaliyyət göstərə bilməyəcəyimi bildirirəm. Çünki buna ləyaqətim əl verməz. Hadisənin real səbəblərindən hali olacaq şəxslərin həmin “siyasi” qurumda uzun müddət qalmayacağına da əminəm. Məhz bu bəyanatla D-18 hərəkatından ayrıldığımı və həmin qurum qarşısında olan öhdəliklərimə son verdiyimi rəsmən bəyan edirəm”.

Hərəkatdan gedən Məhəmməd Kekalov: “Belə insanlarla yola çıxılmaz!”

D-18 hərəkatından istefa verən və R.İzzətlini kəskin şəkildə ittiham edən daha bir üzv - Məhəmməd Kekalov da analoji bəyanatla çıxış edib. Onun zörlərinə görə, R.İzzətli kimi aşağı əxlaqa malik adamın rəhbərlik etdiyi təşkilatda qala bilməz. “Mən Ruslan İzzətlinin kameralar və jurnalistlər qarşısında sərgilədiyi demokrat və proqressiv mövqeyi ilə onun reallıqda, kresloda oturarkən sərgilədiyi şərəfsiz və dələduz hərəkətlər qarşısında hiddətlənirəm. Belə insanlarla yola çıxılmaz!”, deyə Kekalov yazıb.

Nəticə olaraq, digər istefa verən hərəkat üzvləri də deyirlər ki, İzzətli müxtəlif Qərb fondlarından qeyri-leqal yollarla maliyyələşir və aldığı vəsaitlər barədə hesabat vermir. Pulları şəxsi məqsədləri üçün xərcləyir. Son vaxtlar isə onun bəzi beynəlxalq təşkilatlarla və xaricdən maliyyələşən radikal müxalif qruplarla şübhəli əlaqələri intensivləşib.

Bununla isə bir daha sübut olunur ki, bu gün ənənəvi düşərgədən fərqli olaraq, guya “yenilikçilər”, yaxud “siyasi novatorlar” qismində özlərini ictimai rəyə, xüsusilə gənclərə sırımağa çalışanlar da əslində köhnə qaragüruhçular kimi yalnız şəxsi mənfəətlərini güdürlər. Bu reallıq isə onların siyasi arenada qala bilmək imkanlarını göründüyü kimi, sıfıra endirir.

Rövşən RƏSULOV