Rusiya ilə Türkiyə arasında İdlib məsləhətləşmələri

27 Fevral 2020 17:55 (UTC+04:00)

Rusiya ilə Türkiyə arasında İdlib məsləhətləşmələri bu gün Ankarada davam edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
"Bu gün bir gün əvvəl başlayan məsləhətləşmələr Ankarada davam etdiriləcək. Biz Rusiya nümayəndəliklərinin nümayəndə heyətinin Türkiyə nümayəndələri ilə məsləhətləşmələrindən danışırıq. İdlibdə vəziyyətin normallaşması ilə bağlı bütün məsələlər müzakirə olunur", deyə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.

Xatırladırıq ki, danışıqların ilk mərhələsi 8-10 fevral tarixlərində Suriyanın şimal-qərbindəki gərginliyin artması fonunda Ankarada baş tutub. Danışıqların ikinci mərhələsi 17-18 fevral tarixlərində Moskvada keçirilib.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Suriya İdlibi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlarda hələ qənaətbəxş nəticə əldə etmədiyini və bu bölgədə hərbi əməliyyat başlamağa hazır olduğunu söyləyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu ən pis hal ssenarisi adlandırıb.