"Çox təəssüf ki, bizim cəmiyyətdə təşviş xarakterli xəbərləri yaymaqda maraq çoxdur" SOSİOLOQ RƏYİ-ÖZƏL

27 Fevral 2020 17:12 (UTC+04:00)

"Çox təəssüf ki, bizim cəmiyyətdə təşviş xarakterli xəbərləri yaymaqda maraq çoxdur. Nədənsə insanlarda özünütəsdiqetmə, özünü göstərmək tələbatı var”. Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, xeyli insanlarımız var ki, onlar təhsilinin səviyyəsinə uyğun olaraq digər sahələrdə uğursuz olduqları üçün fərqlənməyə can atırlar: “Onlar elə bilir ki, nədəsə fərqlənsələr çoxbilmiş kimi görünəcəklər. Bir qisim insanlar hər hansı bir xəbəri yaymaqla əhəmiyyətli olduğunu düşünmək istəyir ki, bu da yarımçılıq kompleksi ilə bağlıdır”.

Sosioloq qeyd edib ki, ölkəmizdə belə insanların çox olması bir sıra məsələlərə öz mənfi təsirini göstərir ki, bu da hər hansı bir məsələnin daha çox şişirdilməsi və ya digərlərinin təşvişinə gətirib çıxarır: “Bir neçə il bundan öncə Yaponiya sunami təhlükəsi ilə üz-üzə qalsa da, orada insanlar baş verənləri təmkinlə qarşıladılar. Hətta bu hadisədən sonra yaponlar təmkinli xalq kimi tarixə düşməyi belə bacardılar. Amma onların təmkinli olması o demək deyildir ki, Yaponiyada baş verən fəlakətə qarşı heç bir tədbir görülmür. Əlbəttə ki, hadisələrə qarşı mübarizə aparılırdı. Amma təmkinlə”.

Ə. Qəşəmoğlu qeyd edib ki, cəmiyyətdə sağlamlıq mədəniyyəti ilə bağlı sahədə problemlər var: “ Biz bu mədəniyyəti uşaqlarımıza körpəlikdən öyrətməliyik. Bunu vaxtında etməyəndə sağlamlıq mədəniyyəti aşağı olur və hər hansı virusla bağlı problemlər yarandıqda təşvişə düşür. İnsan hər zaman ona məlum olan məsələlərə daha təmkinli yanaşmağı bacarır. Bu gün ölkəmizdə koronavirusla bağlı yayılan həyəcan da bundan ibarətdir. Hesab edirəm ki, cəmiyyətimiz özündə sağlamlıq mədəniyyətini formalaşdırsa, o zaman heç bir virusdan qorxmaz və özünü bütün baş verənlərə hazır hiss edərək, məsələni təmkinlə qarşılayar”.