TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib FOTO

27 Fevral 2020 16:47 (UTC+04:00)

Türkiyənin TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini əks etdirən süjet yayımlayıb. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, paytaxt Bakıdan canlı olaraq birbaşa efirə çıxan müxbir Fatih Avanos muğam sənətinin Azərbaycan xalqı üçün nə dərəcədə böyük önəm kəsb etdiyini vurğulayaraq, Azərbaycanın paytaxtı Bakını bir sənət şəhəri adlandırıb. Diqqətə çatdırıb ki, paytaxt Bakıda Azərbaycanın milli musiqisini yaşadan olduqca müasir və sənət baxımından mühüm əhəmiyyət kəsb edən bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz Xəzərin sahilində, paytaxtın ən gözəl prospektində inşa edilən Beynəlxalq Muğam Mərkəzidir. Müxbir Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və tədqiqatçı Gülhüseyn Kazımlıdan müsahibə alıb.

Canlı efirdə Murad Hüseynov qardaş ölkə Türkiyə televiziyasına mərkəzin fəaliyyətinə diqqət ayırdığı üçün təşəkkür edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Muğam Mərkəzi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ildən fəaliyyətdə olan mərkəzdə mütəmadi olaraq beynəlxalq festivallar, seminarlar, müsabiqələr təşkil edilir. Bir çox ölkələrdən dünya şöhrətli musiqiçilər, eləcə də etnik musiqi ifaçıları azərbaycanlı ifaçılarla birlikdə konsert proqramları ilə eyni səhnəni bölüşüblər. Bu tədbirlərdə dünyanın bütün ölkələri ilə yanaşı, qardaş Türkiyədən olan musiqiçilər də iştirak ediblər.

Gülhüseyn Kazımlı müxbirin mərkəzdə görkəmli muğam korifeylərinin ucaldılan büstləri ilə bağlı sualını cavablandırıb. Bildirib ki, mərkəzin binasının quruluşu Azərbaycanın qədim musiqi aləti olan tar formasındadır.

Müxbir sonda Xəzər dənizinin sahilində yerləşən mərkəzi, təkcə konsert salonu deyil, həm də muğam tarixini təbliğ edən bir mərkəz kimi səciyyələndirib. Buna nümunə olaraq mərkəzdə nümayiş olunan milli musiqi alətləri sərgisini misal çəkib. Mərkəzin Bakının ən gözəl küçəsində yerləşməsini isə Azərbaycan dövlətinin muğam sənətinə verdiyi ən yüksək dəyər kimi qiymətləndirib.