Müxalifət iqtidardan bunları öyrənməlidir!

27 Fevral 2020 14:02 (UTC+04:00)

İqtidarın apardığı uğurlu kadr islahatları, xüsusilə gəncləşdirmə siyasətinin vüsət alması digər bir məsələni də gündəmə gətirir - əgər bu islahatlar hakimiyyətdə aparılırsa, müxalifətdə uzun illərdir ki, var-gəl edən “liderlər” niyə bu addımdan örnək götürərək, istefa vermir, yerlərini gənclərə ötürmürlər? Əslində, biz bu məsələyə yanaşmadan öncə, bir neçə digər detalları da xatırlada bilərik. Misal üçün, fakt budur ki, hazırda AXCP-yə sədrlik edən Əli Kərimli bu kürsüdə iki onilliklər boyudur ki, oturub. Hətta partiyanın bir neçə il əvvəl keçirilən qurultayında sədrliyə namizədliklərini irəli sürmüş cavan yaşlı insanlar sonradan müxtəlif xəyanət ittihamlarında suçlanaraq cəbhədən uzaqlaşdırıldılar və Ə.Kərimli yenidən sədr “seçildi”. Əgər bu gün kimlərdə Ə.Kərimlinin istefasını, partiyada gəncləşdirmə mühitinin yaradılmasını tələb edirsə, mütləq sədrin tələsinə düşür və dərhal oradan çıxarılır. O cümlədən, bu gün təkcə Ə.Kərimli deyil, həmçinin onun qoca və naftalin qoxusu verən müavinləri də möhkəm-möhkəm öz kürsülərindən yapışaraq, eyni addımı atırlar. Düzdür, ötən il yaşının cavan olmasına baxmayaraq, Fuad Qəhrəmanlı ailəsində baş verən və səs-küy yaradan, ictimailəşən məlum məsələlərə görə sədr müavinliyindən istefa verdi, amma bu istefanın da onun öz xoşu ilə verməsini düşünmək sadəlövhlük olardı. Söz yox ki, belə bir mühitin formalaşması əvvəl-axır AXCP-də partlayışa səbəb olacaq və artıq bunun da cücərtiləri görünməkdədir.

Bənzər vəziyyət xaltası AXCP-nin əlində olan “Milli Şura”da da davam edir. Bu gün Ə.Kərimlinin yandaşı sayılan və dəfələrlə xəyanətkarlıqları ilə bədnam ad qazanan Cəmil Həsənli də siyasi və s. uğursuzluqlardan sonra istefaya getməli, ümumiyyətlə, yaşının qürub çağında digər müxalifətçilərə örnək olmalı idi. Amma ictimai rəy nə görür? İctimai rəy görür ki, bu qoca yaşlarında professor ölkədə sabitliyin pozulması üçün dəridən-qabıqdan çıxır, hətta Qərb ölkələrinə, xüsusilə ABŞ-a ardıcıl, uzunmüddətli səfərlər edərək, dövlət əleyhinə qurulan planların iştirakçısına çevrilir, erməni lobbisi ilə necə deyərlər, “çaşka-lojka” olur. Bütün bunlardan sonra isə, istefası, siyasi arenanı tərk etməsi tələblərinə məhəl qoymayaraq, sözün həqiqi mənasında qoca inadçıya çevrilir. Əgər nəzərə alarsaq ki, bu gün Müsavat partiyasında da başqanlı-müavinli hər kəs yaşı nəsildən ibarətdir, onda hər şey bütün çılpaqlığı ilə aydın olur...

Hazırda Azərbaycan müxalifətində “Ümid” partiyasının sədri İqbal Ağzazadəni, ADP-nin sədri Sərdar Cəlaloğlunu, KXCP sədri Mirmahmud Mirəlioğlunu, AXP sədri Pənah Hüseyni, ASDP sədri Araz Əlizadəni, ALP sədri Əvəz Temirxanı, ALDP sədri Fuad Əliyevi, VAMP sədri Hacıbaba Əzimovu, “Milli Birlik Hərəkatı”nın sədri Lalə Şövkəti, “Azadlıq” partiyasının sədri Əhməd Orucu, VHP sədri Sabir Rüstəmxanlını və s. bir çox (hətta lap çox-R.N.) müxalifət partiyalarının rəhbərlərini göstərə bilərik ki, onlar sədrlik kürsülərini tərk edib, yerlərini gənclərə təhvil vermək fikrində deyillər. Əksinə, hətta vaxtilə sədr olub, sonradan istefa verənlər yenidən partiyalarına sədr keçmək arzularını gizlətmirlər. Buna misal olaraq, AMİP-in qurucusu Etibar Məmmədovu göstərə bilərik. Yaxud, bu gün özünə “MSDM” adlı təşkilat yaratmış Müsavatın sabiq başqanı İsa Qəmbərin də əlinə fürsət düşən kimi, həmin partiyaya başqan seçilmək arzusunda olması sirr deyil. Nəticədə isə fakt budur ki, bu gün ölkəmizdə aparılan çoxşaxəli islahatlar paketi çərçivəsində uğurlu kadr islahatlarının aparılması artıq öz uğurlu nəticələrini verməyə başlayıb. Bütün bunlar isə bilavasitə Azərbaycan xalqı və dövləti üçün vacib amil olaraq göstərilir, qiymətləndirilir. Müxalifət isə baş verənlərdən nümunə götürmək yerinə, qocalır, yaşlaşır və belə getsə, ömrünü də başa vurur. Hər halda göstərilən faktlar da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİNOĞLU