“Milli Şura” gənclərin həyatını zəhərləyib" TƏRS BAXIŞ

27 Fevral 2020 13:46 (UTC+04:00)

Tural Abbaslı: “Təəssüf edirəm ki, biz vaxtikən gəncliyimizi fəda edib, belələrini tanıtmışıq”

"Milli Şura"nın sədri Cəmil Həsənlinin AXCP sədri Əli Kərimlinin təsiri altında siyasi gündəmdə qalmaq cəhdləri “Ağ Partiya”nın sədri Tural Abbaslının sərt tənqidi ilə üzləşib. Belə ki, “Milli Şura” rəhbərliyinin gah aksiyalar keçirmək, gah da parlament seçkilərini boykot etmək ətrafındakı oyunbazlıqlarının düşərgənin imicinə köklü zərbə vurduğunu deyən T.Abbaslı belə halların yolverilməz olduğunu, ümumiyyətlə, radikal kəsimin ümumüxalifət adına ləkə vurduğunu iddia edib. Məhz sözügedən qarşıdurmalar sonradan sosial şəbəkədə ağır tənqidlərə, hətta söyüşlərə çevrilmişdi. Bu məsələdə AXCP sədri Əli Kərimlinin "facebook" trolları onun təlimatlarına əsasən, aşırı təhqirlərlə qarşı tərəflərin ittihamlarını kölgədə qoymağa cəhd göstərmişdilər. Ancaq bu plan da özünü doğrultmadı və bunun sübutudur ki, söz atışmaları hələ də davam edir, tərəflər bir-birlərini müxalifətə xəyanət etməkdə günahlandırırlar.

"2013-cü ildə Cəmil Həsənlini heç kim tanımırdı, indi də tanımır"

Xatırladaq ki, məhz bu ərəfələrdə T.Abbaslı C.Həsənliyə hələ 2013-cü ildə keçirilmiş prezident seçkisində ən ciddi dəstəyi göstərdiklərini iddia edərək, "Milli Şura" sədrinin onları "uşaq-muşaq" adlandırmasına kəskin tonda cavablar vermişdi. Ümumiyyətlə, "Ağ partiya" sədri daha öncələr mediaya açıqlamadığı faktları ictimailəşdirərək, müxalifətyönlü saytların birinə C.Həsənlini, eləcə də "Milli Şura"nın dirijoru hesab edilən AXCP sədri Ə.Kərimlini ifşa edən açıqlamalar verib. Müxalifət düşərgəsində artıq özünəməxsus yerləri olduğunu iddia edən T.Abbaslı C.Həsənliyə və ətrafına "biz təsadüfi adamlar deyilik" mesajını verib, üstəlik, digər sərt ifadələrini işə salıb. Misal üçün, o, özünün və dəstəkçilərinin C.Həsənlinin heç vaxt ciddi siyasətçi olaraq qəbul etmədiklərini vurğulamaqla yanaşı bldirib ki, 2013-cü ildə ölkənin siyasi arenasında bu ad heç bir məna kəsb etmirdi. "Yalnız 2005-ci ildə partiyanın qərarına (AXCP-nin parlament seçkilərini boykot qərarı nəzərdə tutulur - R.N.) tabe olmayıb, parlamentdə oturduğuna görə partiyadan qovulan orta statistik tarixçi, alim kimi yadda qalırdı"- deyən T.Abbaslı C.Həsənlinin nəinki Biləcəridən, hətta yaşadığı ərazidən - Yasamaldan o tərəfdə tanınmadığını xüsusi ilə xatırladıb.

Müxalifətçi partiya sədri onu da iddia edib ki, ümumiyyətlə, C.Həsənlinin siyasətə gətirilməsində vaxtilə özünün təmsil olunduğu Müsavat partiyasının rolu var və bu gün qarşı tərəf bu faktı unutmamalı, zamanında ona siyasi dəstək göstərmiş şəxslərə həqarətlər etməməlidir, əksinə, boynuna götürdüyü öhdəliklərə əməl etməlidir: "Həmin dönəmdə C.Həsənli bizim qarşımızda öhdəlik götürmüşdü ki, əgər seçilərsə, o zaman 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Eyni zamanda, siyasətdən birdəfəlik gedəcəyinə dair öhdəlik də götürmüşdü, heç bir partiyanın üzvü belə, ola bilməzdi. Qeyd edim ki, C.Həsənli "Milli Şura"nın sədri postuna siyasətçi kimi deyil, sırf bitərəf ziyalı kimi seçilib".

"Cəmil Həsənli eyforiyayadadır..."

"Ağ partiya" sədri C.Həsənlinin Rüstəm İbrahimbəyovun dublyor aktyoru olduğunu da xatırladıb və onu da deyib ki, məhz 2013-cü ildə "Milli Şura"da Müsavat-AXCP maraqlarınln kəskin qarşıdurması yaşanırdı. "Buna görə də C. Həsənli R.İbrahimbəyovun dublyor aktyoru kimi "Milli Şura"ya sədr seçildi"-deyən T.Abbaslıya görə, sadəcə olaraq, Həsənli bu rola o qədər aludə oldu ki, artıq özünü "böyük siyasi xadim" hesab edir. "Əgər bununla bağlı bir sorğu keçirilsə, onda "Milli Şura" Cəmil Həsənlini namizəd elan etdiyi günə qədər cəmiyyətdə onun adının xatırlanmadığını müəyyənləşdirmək olar"- müxalifətçi partiya sədri bildirib. O cümlədən, C.Həsənlinin eyforiyaya qapıldığını, hətta bu məsələyə o qədər aludə olduğunu sanaraq, onlara dəstək göstərməyənləri müxalifətçi kimi qəbul etməməsi irriasını siyasi klounluq kimi qiymətləndirib. SİTAT: "C.Həsənli hazırda eyforik vəziyyətdədir. O, artıq kiməsə müxalifət lisenziyası verə biləcəyini düşünəcək qədər bir atmosferə salınıb və zənn edir ki, kimisə müxalifət saya və ya kimisə saymaya bilər. Guya ki, onun fikri kimlər üçünsə önəmlidir. Ancaq o, kökündən yanılır və yaxşı olardı ki, özünün haradan-haraya gəlməsi barədə düşünsün. Təəssüf edirəm ki, biz vaxtikən gəncliyimizi fəda edib, belələrini tanıtmışıq. Əgər biz zamanında belələrini yox, özümüzü tanıtsaydıq, bu gün bu məsələləri diskussiya etməzdik".

Beləliklə, C.Həsənlinin T.Abbaslını və s. müxalifətyönlü tərəfləri təhiqr hədəfinə götürməsi onun özünə ciddi zərbə vurmuş oldu. Artıq ortaya çıxan ciddi və danılmaz faktlar da bütün deyilənləri təsdiq etmiş olur. Hər halda, görünən "dağa" nə bələdçi, yaxud, “kor-kor, gör-gör...”

Rövşən NURƏDDİNOĞLU