"Paşinyan bir daha sübut etmiş olur ki...” ÖZƏL-MÖVQE

27 Fevral 2020 13:06 (UTC+04:00)

Qondarma Dağlıq Qarabağ Respublikasında martın 31-də keçiriləcək “prezident seçkiləri” günü Azərbaycan üçün çox qeyri-məqbul gündür. Çünki 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı günüdür". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, onlar qondarma seçkilər keçirməklə bir növ Azərbaycan xalqını qıcılandırmağa çalışırlar: "Onsuz da bu “seçkiləri” dünya tanımır. Azərbaycan bu əraziləri özünün əraziləri hesab edir. Burada yaşayan adamlar da son vaxtlar Ermənistan vətəndaşlığını qəbul etsələr də, amma əslində Azərbaycan vətəndaşlarıdır. Bu nöqteyi-nəzərdən qondarma seçkilərin keçirilməsi başdan-ayağa beynəlxalq hüquqa, danışıqlar prosesinə ziddir. Azərbaycan və dünyanın bütün beynəlxalq təşkilatları da bu “seçkiləri” pisləyir və pisləməkdə də davam edəcək. “Seçkilər” heç bir hüquqi nəticə doğurmayacaq. Sadəcə olaraq görünür Ermənistanın baş naziri Nikol Paşinyan burada öz adamını iş başına gətirmək istəyir. Əgər Bako Saakyan seçilməzsə, Paşinyana yaxın bir adamın orada hakimiyyət başına gəlməsi gözləniləndir. Bununla da sinəsinə döyən Paşinyan bir daha sübut etmiş olur ki, Qarabağ məsələsində nala-mıxa vurmağa dəyməz. Qarabağ Ermənistan tərəfindən işğal edilmiş ərazilərdir. Azərbaycan bu işğal edilmiş əraziləri heç kimə bağışlamayacaq”.