"Azərbaycanla Türkiyənin arasına girmək mümkün deyil" ÖZƏL-MÜNASİBƏT

27 Fevral 2020 12:35 (UTC+04:00)

"Azərbaycan və Türkiyə “ət və dırnaq” kimi bir-birinə yaxın və bağlı olan iki dövlətdir. Əlbəttə ki, bu dövlətlərin, ölkələrin xalqları da ta qədimlərdən bir-biri ilə bağlı olublar. Çünki bu təbii bir şeydir və eyni millət, iki dövlətik. O baxımdan bu əlaqələrin yüksək səviyyədə tutulması, inkişaf etdirilməsi vacibdir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Bizim bəxtimiz onda gətirib ki, istər Azərbaycan Prezidenti, istərsə də Türkiyə Prezidenti bu əlaqələrin önəmini hamımızdan daha yaxşı anlayır və qəbul edir. Ona görə də ölkələrimiz arasında heç vaxt ciddi bir problem ortaya çıxmır. Ümumiyyətlə Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın yanındadır. Bütün məsələlərdə biz çəkici bir zindana vururuq və vurmağa da davam edəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycana səfər etməsi, burada Prezident İlham Əliyevlə görüşməsi, eyni zamanda geniş heyətlərlə görüşlərin keçirilməsi, ayrı-ayrı sənədlərin imzalanması, Azərbaycanın Türkiyəyə, Türkiyənin isə Azərbaycana yatırımlarının təşviq edilməsi və s. kimi məsələlər bizim daha da yaxınlaşmağımıza gətirib çıxaracaq. Ümumiyyətlə isə dünyanın hər tərəfindən bizi müşahidə edən siyasi qüvvələr, analitiklər bu qənaətə gəlirlər ki, Azərbaycanla Türkiyənin arasına girmək mümkün deyil. Bu iki ölkə, dövlət, xalq arasına kimsə girərsə, sadəcə olaraq özünə zərər etmiş olar. Bütün bunlar Azərbaycan və Türkiyə prezidentlərinin müdrik siyasətinin nəticəsidir. Onlar əllərindən gələn hər şeyi edirlər ki, dövlətlərimiz, xaqlarımız arasında olan bu münasibətlər daha dərinləşsin. Ümumiyyətlə Azərbaycanla Türkiyə ayrı-ayrı dövlətlər olsalar da, beynəxalq müstəvilərdə vahid güc kimi bundan sonra da çıxış etməyə davam etsinlər", - deyə, A.Həsrət fikrini tamamlayıb.