Koronavirusun yaratdığı mənfi təsirlərlə bağlı krizis ssenariləri hazırlanıb - AÇIQLAMA

27 Fevral 2020 12:00 (UTC+04:00)

"Koronavirusla bağlı situasiya çox fərqlidir. Hansı bazara əl atsan orada qlobal problem yaşanır. Biz bu virusun turizmə də mənfi təsirinin olacağını düşünürük". SİA-nın məlumatına görə, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O, bildirib ki, lakin nə dərəcədə təsiri olacağı barədə sadəcə yaşayıb görəcəyik: "İndiki krizis böyük psixoloji krizisdir. Bütün dünyada səyahətlərin sayı hazırda azalıb. İnsanlar qorxu içərisindədir. Hər gün dəyişən situasiyalarla bağlı bizim müxtəlif ssenarilərimiz var. Həmin ssenarilər krizis ssenariləridir ki, Azərbaycanın sərhədləri açıq olduqda turizm necə inkişaf edəcək, hansı addımlar atılacaq. Sərhədlər qapalı olduğu halda hansı tədbirlər görüləcək".

K.Quluzadə qeyd edib ki, bütün turizm sektorunun nümayəndələri ilə koronavirusla bağlı məsləhətlər aparılır, krizis ssenariləri hazırlanır: "Biz çalışırıq ki, mənfi hallar maksimum dərəcədə az olsun. Turizm sektoru tək gedib-gələn insanlardan ibarət deyil. Bu sektor həm də xidmət göstərən insanlardan ibarətdir. Əlbəttə ki, biz sektorda çalışan insanların sosial vəziyyəti ilə maraqlanırıq. Turizm Agentliklər Assosiasiyası, Otellər Assosiasiyası və digər ictimai qurumlarla biz artıq məsləhətləşmələrə başlamışıq ki, birgə hansı addımları atacağıq. Çalışacağıq ki, Azərbaycan ən az şəkildə zərər çəksin".