Qorxulu virus Almaniyanı da cənginə aldı 22 nəfər yoluxdu

27 Fevral 2020 11:29 (UTC+04:00)

Almaniyada koronovirusa yoluxma halları 22-yə çatıb. Növbəti yoluxma Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Almaniyanın ZDF telekanalı Düsseldorfdakı klinikadan aldığı məlumata istinadən informasiya yayıb.

Qeyd edilir ki, bu, Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınan üçüncü yoluxmadır. Belə ki, bir kişi daha öncə karantinə alınmış digər cütlüklə söhbət edərkən virusa yoluxub.

Almaniyanın rəsmi təmsilçisi Şteffen Zayberq ötən gün bəyan edib ki, ölkə COVID-19 virusunun yoluxma hallarının artmasına hazırlaşır. Ölkənin xarici işlər nazirliyi isə bəyan edib ki, hələlik alman vətəndaşlarının İtaliyanın şimalını ziyarət etmələri ilə bağlı heç bir qadağa qoyulmayıb.

Xatırladaq ki, mənbəyi Çindən yayılan koronovirus həmin ölkəni cənginə alıb. Belə ki, Çində yoluxanların sayı 78 mini keçib, onlardan 2744 nəfəri həyatını itirib. 32 min insan isə sağalmağa müvəffəq olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çin sərhədlərindən kənarda 37 ölkədə koronovirus aşkarlanıb, yoluxanların sayı 2790 nəfərə çatıb, 44 nəfər isə həyatını itirib.