Elmar Məmmədyarovun Aİ-nin ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı olub

26 Fevral 2020 23:48 (UTC+04:00)

Bu ilin 25 fevral tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

SİA xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Avropa Xarici Fəaliyyət Xidməti Avropa İttiqafının (Aİ) ali nümayəndəsi Cozef Borrell ilə Xarici İşlər naziri Elmar Məmmədyarov arasında baş tutan telefon söhbətini şərh edərkən bildirib.

L.Abdullayeva deyib ki, nazir Elmar Məmmədyarov, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edildiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və xüsusilə də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına dair Azərbaycanın prinsipial mövqeyini Aİ-nin ali nümayəndəsinin diqqətinə çatdırıb. Nazir Aİ-nin münaqişənin həlli üzrə sərgilədiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə aparılan danışıqların cari vəziyyəti barədə danışıblar. Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə toxunublar.

Tərəflər habelə, Avropanın enerji təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi, onun gələcəkdə genişləndirilməsi, eləcə də nəqliyat və bağlılıq məsələlərini müzakirə ediblər.