Daşkəsədə Xocalı soyqırımının 28-ci ildönümü qeyd edilib - FOTOLAR

26 Fevral 2020 18:26 (UTC+04:00)

Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilib. Əvvəlcə yığıncaq iştirakçıları faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncaqda çıxış edərək Xocalı faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləyib. O, çıxışında deyib:

- 28 il əvvəl – 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırım törədiblər. Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid vermişdir.

Gəlin Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edək.

Xocalı soyqırımı zamanı bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla, görünməmiş amansızlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür, onların 150-nin taleyi hələ də məlum deyildir.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Artıq dünyada Xocalı soyqırımını tanıyan və pisləyən dövlətlərin sayı ildən-ilə artır.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər.

Fevralın 15-də dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı mövqelərini beynəlxalq ictimaiyyət qarşısında bildirdilər.

Prezident cənab İlham Əliyev tərəfindən konfransda səsləndirilən danılmaz tarixi həqiqətlər, təqdim edilən tutarlı faktlar və dəlillər qarşısında Nikol Paşinyan aciz durumda qaldı. Möhtərəm Prezident cənab İlham Əliyev Ermənistan rəhbərinə növbəti dəfə tarix və hüquq dərsi keçdi. Dünya şöhrətli Prezidentimizin hər bir sözü, cümləsi Paşinyana endirilən ağır zərbələr idi.

Prezident cənab İlham Əliyev Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs şillə kimi Paşinyanın üzünə vurdu, tarixi baxımdan olduğu kimi, siyasi baxımdan da Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə və hüquqi statusuna dair tam həqiqətə söykənən, obyektiv elmi-siyasi fikirlər irəli sürərək Nikol Paşinyanın əsassız müddəalarını özünün əsaslı dəlil-sübutları ilə bütün dünyanın gözü qarşısında darmadağın etdi. Bir daha da Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Azərbaycan xalqının öz haqlı mövqeyindən heç zaman, əbədi olaraq geri çəkilməyəcəyini bəyan elədi.

Milyonlarla həmvətənlərimiz kimi biz daşkəsənlilər də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini ulu öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük. İnanırıq ki, Xocalı soyqırımının günahkarları öz cəzalarına çatacaqlar. Çünki bu dəhşətli faciə və cinayət əməli cəzasız qala bilməz.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Yığıncaqda çıxış edən Daşkəsən Rayon Məhkəməsinin hakimi Azad Əliyev bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

Daşkəsən Rayon Prokuroru Maarif Hüseynov Xocalı qətliyamının tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən və bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən danışıb.

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev çıxışında bildirmişdir ki, Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində torpaqlarımız işğalçılardan təmizlənəcək, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev diqqətə çatdırıb ki, Xocalı faciəsi öz həqiqi siyasi qiymətini yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra almışdır.

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin məsul işçisi Mərdan Əliyev isə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmayacağını vurğulamışdır.

Çıxış edən YAP Daşkəsən rayon təşkilatının Gənclər birliyinin sədri Kənan Bayramov Xocalı işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə məlumat verib. Vurğulayıb ki, tariximizin qan yaddaşına əbədi həkk olunan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaqdır.