İki ölkə prezidentləri Naxçıvanla sərhədin açılmasını müzakirə etdilər və...

26 Fevral 2020 18:16 (UTC+04:00)

Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.

Məsələ ilə əlaqədar KİV-də çoxsaylı materiallar yayımlanmışdı. Məlumatlarda Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal himi qiymətləndirirdi və bu qərarın ləğv olunacağına ümid edilirdi. Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmayıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ də qaldırılıb və Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Prezident R.T.Ərdoğanın tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib.