“Xocalı soyqırımı”nın 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib FOTO

26 Fevral 2020 16:31 (UTC+04:00)

Biologiya və Biotexnologiyalar İnstitutunda “Xocalı soyqırımı”nın 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, akademik İradə Hüseynova Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən dəhşətli təzahürü olduğunu söyləyib. O, 1992-ci il soyuq qış gecəsində erməni qəsbkarlarının Xocalı əhalisinə qarşı törətdikləri dəhşətli qətliam nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər dinc Azərbaycan vətəndaşı qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlumdur.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur ”. Tədbirdə həmçinin, İnstitutun əməkdaşları - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Həmkarlar təşkilatının sədri Həsən Babayev, YAP AMEA ərazi təşkilatının sədri Ulduza Qurbanova, b.e.d. Şahniyar Bayramov, b.ü.f.d. Nurməmməd Mustafayev və başqaları çıxış edərək ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliamın təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən dəhşətli vandalizm aktı olduğunu vurğulayıblar. İnstitutda istehsalat təcrübəsi keçən, BDU-nin 4-cü kurs tələbəsi Lalə Quliyeva Z.Yaqubun “Xocalım, ay Xocalım” şeirini səsləndirib və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Tədbirdən sonra institutun Gənc alim və mütəxəssislər şurasının nümayəndələri Xocalı soyqırımının qurbanları üçün ucaldımış abidəni ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.