Aİİ-də ilk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub

26 Fevral 2020 15:46 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən bu gün ilk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub. Aİİ-dən bildirilib ki, müəllimlər 28 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəklərini diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotoşəkillər, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş olunub.

Azərbaycan İlahiyyat İnstitutu tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarların və “dəyirmi-masa”ların təşkilini həyata keçirir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Belə ki, ali təhsil müəssisəsi Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatını və faciə qurbanlarına həsr olunmuş fotoşəkillərdən ibarət sərginin nümayişini həyata keçirib. Bundan əlavə, “Bir” Tələbə-Könüllü Proqramı ilə tələbələr üçün “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş “Xüsusi təyinatlı İbad” filminin nümayişini, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirib. Eyni zamanda, orta məktəblərdə Xocalı soyqırımı haqqında tədbirlərdə də Aİİ-nin rəhbər və müəllim heyəti iştirak edib.