Ərdoğanın Azərbaycan səfəri yaddaqalan və məhsuldar səfər olub - AÇIQLAMA

26 Fevral 2020 15:30 (UTC+04:00)

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çox təqdirəlayiq səfər kimi dəyərləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi Arzu Nağıyev deyib.

O söyləyib ki, səfərin əsas məqsədi iqtisadi məsələlərdir: “İqtisadi məsələlərlə yanaşı eyni zamanda siyasi, hərbi, müdafiə, ticarət sahələri və ümumiyyətlə regionda baş verən proseslərin də hansı istiqamətdə yönələcəyi əsas müzakirə məsələlərindən biridir. Məlumdur ki, Türkiyə-Rusiya münasibətləri İdlib məsələsinə görə bir qədər gərgindir və konkret olaraq Suriyada gedən proseslərə müxtəlif rakurslardan çıxışlar edilir. Düşünürəm ki, cənab Prezidentlə görüşdə bu məsələ də diqqətdə saxlanılıb. Lakin Azərbaycan-Türkiyə münasibətlərinin kifayət qədər ciddi və eyni zamanda strateji əhəmiyyətə malik olması əsas mövzu kimi bu görüşdə öz əksini tapıb”.

Politoloq nəzərə çatdırıb ki, cənab Ərdoğanın Azərbaycana səfəri məhz Xocalı Soyqırımının il dönümü ərəfəsinə təsadüf edib: “Prezident Ərdoğanın ümumiyyətlə soyqırıma münasibəti, 20-ci əsrin ən ağır hadisələrindən biri kimi məhz Xocalı soyqırımının olması ilə əlaqədar dünyaya çağırışı, daha sonra şəhidimizə başsağlığı verməsi çox vacib məqamlardır. Bütün bunlar göstərir ki, Azərbaycan və Türkiyə arasında olan münasibətləri çox mühim və yaxın tərəfdaşın maraqları kimi qeyd etmək olar”.

A.Nağıyev vurğulayıb ki, müdafiə sənayesi sahəsində, təhlükəsizlik məsələləri, qonşuluq siyasəti kimi bir sıra məsələlərdə fikir mübadiləsi aparılıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli də görüşün ən mühim müzakirə mövzularından biri olub. Bu görüş eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin də normallaşmasına gətirib çıxara bilər. Ən önəmli layihələrdə Türkiyənin iştirakı, Azərbaycanın məhz operator rolunda çıxış etdiyi Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrinin həyata keçirilməsi, logistik yükdaşımalar və.s iki ölkə arasında vacib məqamlardır. Ümumilikdə səfəri şərh etsək bu görüş iqtisadi, siyasi, ticarət, hərbi, müdafiə, təhlükəsizlik məsələləri baxımdan yaddaqalan və məhsuldar səfər olub”.