İslam Əməkdaşlıq Təşkilatı soyqrımı aktını bir daha təsdiqlədi

26 Fevral 2020 15:24 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqrımını aktını bir daha təsdiqləyib. SİA xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi doktor Yusif Bin Əhməd Əl-Othaymin Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar 1992-ci ildə həyatını itirən şəxslərin hamısına səmimi qəlbdən öz ehtiramını bildirib.

O bildirib ki, bu qanlı faciə və vəhşiliklər Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni yolla işğal etməsinin nəticəsidir.

Baş katib 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyanatına və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki iclaslarında qəbul edilən qətnamələrə, o cümlədən 2019-cu ildə Əbu-Dabidə keçirilən Xarici İşlər Nazirləri Şurasının 46-cı Sessiyasına istinad edərək işğal altında olan Azərbaycan ərazilərindəki mülki əhaliyə qarşı edilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirib.

Bu münasibətlə baş katib Yusif Bin Əhməd qəbul edilmiş normalara əsasən, Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri nəzdində və ən qısa müddətdə münaqişənin siyasi həllinə çağıran Xarici İşlər Nazirləri Şurasının qətnamələrini bir daha təsdiqləyib.