Xocalı faciəsini necə xatırlayırıq? SORĞU - SƏS TV

26 Fevral 2020 15:28 (UTC+04:00)

“Ana harayın”ı abidəsini ziyarətə gələn vətəndaşların hər belə bir faciənin məhz Azərbaycanda baş verməsinə təəssüflənir, ordumuzun gücünə inanaraq işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına inandığını bildirirlər.

SİA vətəndaşlarıızın faciə ilə bağlı fikirlərini təqdim edir:

Klinik Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov: “Bu gün Azərbaycan tarixində ən kədərli günlərdən biridir. Artıq o gündən 28 il ötüb. Biz Xocalı faciəsi ilə bağlı həqiqətləri gələcək nəsillərə çatdırmalıyıq ki, onlar həm daxildə, həm də beynəlxalq tribunalarda çıxış edərkən vəhşiliklər haqqında ictimaiyyəti məlumatlandıra bilsinlər. Hesab edirəm ki, gənclərimizin məlumatlandırılmasına məktəb yaşlarından başlamaq lazımdır. Bu baxımdan təhsil müəssisələrində faciə ilə bağlı maarifləndirmə işlərinə xüsusi diqqət edilməli, geniş və silsilə tədbirlər keçirilməlidir”.

73 saylı məktəbin direktoru Həsənov Füzuli: “Fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın dilbər güşələrindən biri olan Xocalı şəhərində erməni millətçiləri tərəfindən ağlasığmayan qətliam hadisəsi baş verib. Bu soyqırımın səbəbkarı yalnız ermənilər idi. Təpədən dırnağa qədər silahlanmış ermənilər dinc əhalini qıraraq, 613 nəfərin şəhid olmasına səbəb oldular. Bu gün biz Xocalı qurbanlarını yad edir, onların ruhlarına salavat çeviririk. Biz bundan sonra belə hadisələrin olmamasına çalışacağıq. İnanırıq ki, Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqları geri qaytaracaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönəcəklər. Əminik ki, Azərbaycan bayrağı tezliklə həmin torpaqlarda dalğalanacaq”

Bakı sakini Piriyeva Leyla: “Bu il Xocalı faciəsinin 28-ci ildönümüdür. Hər il olduğu kimi biz bu ildə faciəni təəssüflə anır, həmin günləri xatırlayırıq. Bütün şəhidlərimizə Allahdan rəhmət, Azərbaycan xalqına səbr diləyirəm. O gün olsun ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun və şəhidlərimizin ruhu rahatlıq tapsın”.

Şəhər sakini Babayev Mirəli: “Bu gün xalqımızın ən ağrılı faciəli günlərindən biridir.

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən böyük cinayətdir. Bu cinayətdə əli qana batmış erməni qatilləri görünən tərəf olsa da, onların arxasında havadarları da var idi. Faciədə əli qatan batan Ohanyan, Sarkisyan kimi cinayətkarların əməllərini hər kəs bilməlidir. Bu gün gənclərimiz soyqırımı törədənlər haqqında məlumatlı olmalıdır. Fevralın 26-da bəşəriyyətdə görünməyən bir hadisə baş verdi. Hətta xarici jurnalistlər belə qətliamı dəhşətə gələrək qələmə alırdılar. Xacalı şahidləri özləri də bildirir ki, həmin gün 1275 nəfər əsir götürülüb. Onlardan Xankəndinə həbsxanaya aparılan girovların 60-nın başı kəsilib. Bu vəhşilikləri heç kim, xüsusilə də gənclər unutmamalıdır. Biz bu cür hadisələrin başımıza gəlməməsi üçün tariximizi unutmamalı, gənclərimizi bu haqda məlum atlandırmalıyıq”.