Nikol Paşiynan və ətrafı Corc Sorosun uşaqlarıdır? ANALİTİK

26 Fevral 2020 14:40 (UTC+04:00)

Ermənistanın “Veto” ictimai-siyasi hərəkatı bəyanatla çıxış edib

Ermənistanda ictimai-siyasi vəziyyət gərginlik həddindən çıxaraq, məcrasını aşmaq üzrədir. Narazı xalq baş nazir Nikol Paşinyanın referendum keçirməklə və Konstitusiya məhkəməsinin səlahiyyətlərini azaltmaq vasitəsi ilə hakimiyyətinin ömrünü uzatmaq cəhdini pisləməkdədir.

Bu arada, ölkənin “Veto” müxalifətyönlü ictimai-siyasi hərəkatı sərt bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, ötən iki ildə hakimiyyətin zəbt olunması müddətində bir sıra məqamlar üzə çıxıb. Xüsusilə, hakimiyyətin birbaşa Corc Sorosa işlədiyi, onun agentləri ilə əlaqəli olduğunu sübuta yetirən faktlar ictimailəşdirilib. SİA xəbər verir ki, sözügedən bəyanatda oliqarx Corc Sorosun agentlərinin yalnız Paşinyan hakimiyyəti dövründə deyil, ümumiyyətlə son 22 ildə pul, yalan və aldatma yolları ilə Ermənistan ictimaiyyəti arasında parçalanma, şiddət və nifrət, dövlətçiliyə, hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə inamsızlıq, qatillərin və terrorçuların qəhrəmanlaşdırılması, orduda ruh düşkünlüyünün yaradılması, azərbaycanlılara sevgi təbliğatı (?-R.N.), erməni apostol kilsəsinə qarşı LGBT-nin təbliği ilə məşğuldurlar.

Erməni apostol kilsəsi sektalaşdırılır...

“Bütün bunların nəticəsində Corc Sorosun muzdluları iki il əvvəl hakimiyyəti və aylar sonra qanunverici orqanı ələ keçirə bildilər”, deyilən bəyanatda qeyd olunur ki, onlar indi də məhkəmə hakimiyyəti üzərində total nəzarət tətbiq etmək istəyindədirlər.

Beləliklə, sorosçuların polis, təhlükəsizlik, məhkəmə, ordu ilə yanaşı, erməni apostol kilsəsinin də hüquqlarını əlindən alaraq, kilsəni sektalarla eyniləşdirmək cəhdində olduqlarını iddia edən “Veto” eyni zamanda iddia edir ki, bu açıq müharibədə təhsil sistemi də kənarda qalmayıb: “Təhsil sistemini işğal ediblər və məcbur edirlər ki, təhsil proqramlarından “Erməni dili”, “Erməni ədəbiyyatı”, “Ermənistan tarixi” kimi fənlər çıxarılsın, yəni ermənişünaslıq predmetləri tamamilə aradan qaldırılsın”.

Baxça və məktəblərdə LGBT transvestitləri və fahişələr uşaqlara nə öyrədirlər?

LGBT-yə gəlincə, sözügedən bəyanatda bildirilir ki, məktəb və uşaq bağçalarında azyaşlılar və yeniyetmələr arasında qeyri-ənənəvi cinsi üsullar, iyrəncliklər təbliğ edilir: “LGBT təmsilçiləri, xüsusilə transvestitlər-fahişələr hakimiyyətin müdafiəsi altına alınıblar ki, nəticədə onlar həyasız və cəzasız şəkildə polislərə, vətəndaşlara hücumlar edirlər”.

“Qatillərin, terrorçuların və cinayətkarların qəhrəmanlaşdırılması prosesində maliyyələşmələr aparılır və son iki ildə cinayətkarlığın səviyyəsi ölçüyəgəlməz dərəcədə artıb”, deyə qeyd edilən bəyanatda o da bildirilir ki, hakimiyyəti ələ keçirən xarici agentura şəbəkəsi onun əmrlərinə tabe olan hökuməti məcbur edir ki, sorosçu kadrları yüksək vəzifələrə təyin etsin: “Onlardan bəziləri korrupsiyaya bulaşmağa nail olublar, digərləri isə ən yüksək əmək haqları, milyonluq mükafatlar əvəzində xarici agenturanın tapşırıqlarını yerinə yetirirlər”.

“Veto” bəya edib ki, hakimiyyətin Corc Sorosun agentləri tərəfindən ələ keçirilməsinə qarşı həm parlamentdaxili, həm də parlamentdən xaric qüvvələr birgə fəaliyyət göstərməlidirlər.

“Açıq Cəmiyyət-Ermənistan” fondunun bağlanması və qadağası tələb olunur

“Ermənistanda fəaliyyət göstərən bütün siyasi güclər dövlətin Corc Sorosun muzdluları tərəfindən ələ keçirildiyini etiraf və etməlidirlər”, deyilən bəyanatda o da bildirilir ki, ölkədə Corc Sorosa bağlı olan “Açıq Cəmiyyət-Ermənistan” fondu cinayətkar və antidövlətçilik fəaliyyətinə görə bağlanmalı, qadağan olunmalıdır. O cümlədən, agentura və muzdlular şəbəkəsi ifşa edilərək, cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Xatırladaq ki, Nikol Paşinyanın “məxməri inqilabı” baş tutduqdan sonra Ermənistanın bir sıra ictimai-siyasi hərəkatları, partiya və QHT-ləri onun Corc Sorosun uşağı olduğunu iddia edir, məhz həmin vasitə ilə iqtidarı ələ keçirdiyini bildiriblər. Xüsusilə, referendumun keçirilməsi ərəfəsində siyasi güclərin bir araya gələrək, anti-Paşinyan xarakterli çıxışlar etmələri ölkədə vəziyyətin get-gedə daha da gərginləşəcəyi proqnozunu göstərməkdədir.

Rövşən RƏSULOV