Həndbol üzrə seçmə yarışların qalibləri müəyyənləşib

26 Fevral 2020 14:21 (UTC+04:00)

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin üçüncü milli oyunları çərçivəsində oğlanlar arasında həndbol üzrə seçmə yarışları keçirilib. SİA-nın məlumatına görə, Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin idman zalında keçirilən turnirdə komandalar xüsusi Olimpiya proqramı və UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramları üzrə mübarizə aparıblar .

UNIFIED Sports proqramında birinci divizionda Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi, ikinci divizionda Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbi, üçüncü divizionda isə Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandaları fərqləniblər.

Xüsusi Olimpiya proqramı üzrə isə birinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin komandası qalib olub. İkinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin, üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin həndbolçuları birinci yeri tutublar.