Yunan-Roma güləşçilərimizin hazırlığı davam edir

26 Fevral 2020 14:11 (UTC+04:00)

Yunan-Roma güləşi üzrə yığmamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir. SİA-nın məlumatına görə, fevralın 19-dan Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına start verən millimiz martın 2-dək əsasən fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmaları həyata keçirəcək. Hazırlıq prosesi Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun nəzarəti, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında keçirilir.

Hazırlıq prosesində Rusiyadan dəvət olunmuş bir neçə güləşçi də iştirak edir. Onlar güləşçilərimizin sınaqçı-rəqibi kimi toplanışa qatılıb.

Xatırladaq ki, bu ilin ilk lisenziya yarışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.