“Xocalı ağrısı” tədbirində faciə baş verən gecə xatırlanıb FOTOLAR

26 Fevral 2020 10:10 (UTC+04:00)

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı ağrısı” tədbiri keçirilib. SİA-nın məlumatına görə, gənclər, muzey əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbə və müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xocalı Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Ramilə Xudayarova çıxış edərək qanlı fevral gecəsində yerli əhalinin başına gətirilən müsibətləri, erməni vandalizminin dəhşətlərindən söhbət açıb. Bildirib ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Qeyd olunub ki, erməni millətçilərinin törətdiyi bu vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Holokost, Xatın faciələri ilə eyni səviyyədə qiymətləndirilir.

Tədbirdə Hacı Zeynalabdin Tağıyev adına mədəniyyət evinin dərnək üzvləri Xocalıya həsr olunmuş kompozisiya ilə çıxış edib, faciəni əks etdirən videoçarx və “Bir günün bəyanatı” filmi nümayiş olunub.