Rusiya nəşri: "Xocalı sağalmaz yaradır"

25 Fevral 2020 22:19 (UTC+04:00)

Rusiyanın “Arqumentı nedeli” qəzetində “Xocalı sağalmaz yaradır” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, müxbir Sergey Nikitinin məqaləsində Xocalı soyqırımı həqiqətlərindən danışılır. Müəllif yazır ki, ötən əsrin 90-cı illərində Xocalı ermənilərin arxa cəbhəsində qalıb. Az qala yarım il şəhər mühasirədə olub. Ermənilər hesab edirdilər ki, blokadada olan Xocalı Stepanakerti hədələməyə davam edir. Onlar arxa cəbhədə belə bir yaşayış məntəqəsinin olmasına göz yuma bilməzdilər. Lakin sonra baş verənləri hətta hərbi zərurət də doğrulda bilməz.

Məqalədə deyilir ki, fevralın 26-na keçən gecə şəhərə hücum başlanıb. Vahimə içində olan insanlar özlərini buzlu suya atır, qışın oğlan çağında əl-ayağı yalın vəziyyətdə qarla örtülmüş yollarla dağlara üz tuturdular. Onların çoxu dağlarda dolaşaraq yaralardan, soyuqdan donub ölür.