Qazaxıstan saytı Xocalı soyqırımından yazır

25 Fevral 2020 20:51 (UTC+04:00)

Qazaxıstanın “Türkistannews.kz” saytında AZƏRTAC-ın Qazaxıstan üzrə müxbiri İlahə Əhmədovanın Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, “Xocalı qətliamı: Azərbaycan xalqının sağalmaz yarası” sərlövhəli məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, Xocalı soyqırımından bəhs olunur.

Yazıda Xocalı soyqırımının ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğu bildirilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq mühasirəyə alınmış Xocalı şəhərinə hərbi texnika yeridib, dinc əhaliyə qarşı misli görünməmiş cinayət törədiblər.

Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan bəhs olunur.

Bildirilir ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən sistemli işlərin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı, 10-dan çox ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatı tərəfindən Xocalıda törədilən kütləvi qətliamlar soyqırımı aktı kimi tanınıb.