Ermənistanın təxribatı onları rüsvayçı məğlubiyyətə sürükləyir

25 Fevral 2020 18:12 (UTC+04:00)

Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq"

Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında atəşkəs rejimi tətbiq edilsə də, qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Ermənistanın hərbi hissələri təmas xəttində mütəmadi olaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq təxribatları davam etdirməkdədir.

Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək, işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını həyata keçirəcək.

Ermənistan təxribatının pərdəarxası məqamları

Ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.

Azərbaycan Ermənistandan fərqli olaraq münaqişənin sülh yoluyla həllində maraqlı olduğunu dəfələrlə dünyaya nümayiş etdirib. Azərbaycanın hər bir uğuruna qısqanclıqla yanaşan Ermənistan qoşunların təmas xəttində vaxtaşırı bu cür təxribatlar törədir. Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində əsaslı dönüş əldə edildiyi zamanlarda Ermənistan hakimiyyəti xarici havadarlarına arxayın olaraq, törətdiyi təxribatların nə ilə nəticələnməsinin fərqinə belə varmır. Lakin bütün dünya ölkələri Azərbaycanın haqlı mövqeyinə dəstəkləyir, qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan edirlər. Ancaq Ermənistan ictimaiyyəti başa düşməlidir ki, Azərbaycan ötən əsrin 90-cı illərin əvvəllərində olduğu kimi, zəif dövlət deyil və istənilən təxribata sarsıdıcı cavab verməyə qadir ordusu var.

Ermənistan rəhbərliyi artıq çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında, həmçinin məhz bu amil də durur.

"Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq"

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ermənistana bugünkü günün yaxşı dərs olduğunu bildirərək, Ermənistanın təxribatları heç vaxt cavabsız qalmadığını və bundan sonra da qalmayacağını demişdir: "Mən dəfələrlə bəyan etmişəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, müharibə istəmirik. İstəmirik ki, qan tökülsün, anaların göz yaşı axsın. Azərbaycan, erməni analarının göz yaşlarının tökülməsini istəmirik. Ancaq biz öz haqqımızı tələb edirik. Bir daha deyirəm ki, məsələni sülh yolu ilə həll etmək istəyirik, ancaq biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, Ermənistan tərəfi də bunu bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır, bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal-diktatura rejimi öz ölkəsini uçuruma aparır".

Bu gün də Ermənistanın təxribatlardan əl çəkməməyinin səbəbi N.Paşinyanın Sarkisyanın uğursuz yolunu davam etdirməsidir. Belə ki, Ermənistanın baş naziri N.Paşinyanın Xankəndindəki çıxışına diqqət yetirmək kifayətdir ki, onun məkrli məqsədlərini aydın görmək olar. Paşinyan çıxışı zamanı Azərbaycan torpaqları hesabına "birləşmiş erməni dövlətinin yaradılması" ideyasını - separatizmi dəstəklədiyini dilinə gətirməklə bərabər, "Qarabağ Ermənistandır" kimi sərsəm bəyanatlar səsləndirməklə, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunduğunu açıq şəkildə etiraf edib. Belə sərsəm fikirlərlə Paşinyan Azərbaycanı təxribata çəkmək, sülh danışıqlarını pozmaq cəhdlərini davam etdirmək istəyidir. Təbii ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Üstəlik, Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar və onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyinin qarşısını almaq məqsədilə, qabaqlayıcı tədbirlər görülüb, bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb.

Ən maraqlı məqam isə, ATƏT-in Minsk Qrupu istər Paşinyanın, istərsə də Ermənistan rəsmilərinin belə bəyanatlarına heç bir reaksiya verməməklə ikili standartlar çərçivəsində çıxış edirlər, ancaq onlar bilməlidir ki, bu məsələdə onların da məsuliyyəti artır.

"Bizim xarici siyasətimiz qarşılıqlı faydalı əməkdaşlığa söykənir"

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı çıxışlarında dönə-dönə vurğulayır ki, biz öz xarici siyasətimizi milli maraqlar prinsipi əsasında qururuq: "Bizim xarici siyasətimiz qarşılıqlı faydalı əməkdaşlığa söykənir, Ermənistandan fərqli olaraq biz heç bir gücün forpostu deyilik. Münaqişəni başlayan və onun həllinə imkan verməyən tərəf Ermənistan olduğundan problem 30 ildən çoxdur ki, öz həllini tapmamış qalmaqdadır. Ermənistan qeyri-konstruktiv bəyanatlar verməklə münaqişənin həllinə imkan verməməyə, vaxt udmağa çalışır. Onlar hesab edir ki, guya vaxt nə qədər çox uzansa, zaman onların xeyrinə işləyə bilər və onlar daha çox vaxt keçdikcə dünya ictimaiyyətini fakt qarşısında qoya bilərlər. Buna görə də münaqişəyə hər vəchlə mane olurlar. Təbii ki, bu cür mövqe danışıqlar prosesini pozur və onun hərbi yolla həllini qaçılmaz edir".

Prezident İlham Əliyev, həmçinin bildirir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyindən dönməyəcək: "Bununla bərabər biz danışıqlara sadiqik. Bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Ordumuzun gücünü də daha da artıracağıq. Ona görə artıracağıq ki, Ermənistanın təxribatları cavabsız qalmasın".

Doğrudur, bu gün cəbhədə oğullarımız Vətən uğrunda şəhid olur, Vətən torpağına gömülür. Bu gün canını bu torpaqlar uğrunda fəda edən igid balalarımız sabah həmin faciələrin yenidən yaşanmaması üçün bunu edirlər və bu gün Ali Baş Komandanımız hər an gözlənilən əmri verə bilər. Özlərini "zavallı" kimi aparan tülkü qədər bic və xain olan ermənilər bilməlidirlər ki, Azərbaycana xor baxanlar üçün son mənzil məzarlıq və cəhənnəmdir!

RƏFİQƏ HÜSEYNOVA