"Adi qrip və koronavirusdan ölənlərin sayında elə bir fərq yoxdur" AÇIQLAMA

25 Fevral 2020 16:07 (UTC+04:00)

"Əhali ilk növbədə sakitləşmə və panikaya düşməməlidir. Koronavirus da digər qrip viruslarından biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Musa Quliyev koronavirusla bağlı ölkədə görülən tədbirləri dəyərləndirərkən deyib.

O bildirib ki, bu bir növ bütün dünyanın problemidir lakin bir qədər də şişirdirilmiş bir problemdir:

"Bu məsələyə biraz real və daha ciddi yanaşmaq. Hesab edirəm ki, əhali ilk növbədə sakitləşmə və panikaya düşməməlidir. Koronavirus da digər qrip viruslarından biridir. Əgər statistikaya nəzər salsaq görərik ki, dünyada hər il qripdən ölən insanların sayı ilə koronavirusdan ölən insanların sayı arasında elə də ciddi fərq yoxdur. Amma sürətli yayılmağı və ağ ciyər iltihabı verməyi bir qədər insanlarda qorxu yaradır".

Millət vəkili əlavə edib ki, istənilən halda Azərbaycanda bununla bağlı işlər görülür və ilk növbədə sərhəd keçid məntəqələrində nəzarət gücləndirilib. O, əlavə tədbirlərin görülə biləcəyini də deyib:

"İranın Qum şəhərində koronavirusun yayılması ilə bağlı İrana gedişin azaldılması, gəlişin isə tamamilə kəsilməsi məsələsinə baxıla bilər. Eyni zamanda Azərbaycana xarici ölkələrdən gələn nəqliyyat vasitələrinin dezinfeksiya olunması, insanların tempraturlarının ölçülməsi yaxud kiçik müayinədən sonra ölkəyə buraxılması işləri də qurulub. Səhiyyə Nazirliyi yaxud İcbari Tibbi Sığorta Agentliyi nəzdində olan bütün klinikalarda da şöbələr yaradılıb. Sadəcə insanlarımızın maarifləndirilməsinə ciddi yanaşılmalıdır. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə mütəxəssislərin tövsiyyələri daha geniş yayılmalıdır".

Musa Quliyev qeyd edib ki, digər virus və infeksiyalardan necə qorunmaq lazımdırsa, koronavirusdan da o cürə qorunmaq lazımdır və bununla bağlı əlavə qoruyucu vasitələrə də ehtiyac yoxdur:

"Kütləvi tədbirlər keçirilən yerlərə kifayət qədər zərurət yoxdursa getməmək, evə gələndə, işə gədəndə, hər hansı bir şəxslə təmasda olduqda əllərinizi stril qaydada yumaq, spirtlə silmək lazımdır. İmmuniteti zəif olan insanlar immuniteti artıran həblər qəbul edə bilər. Ev şəraitində əgər ailə üzvünün birinin temperaturu qalxıbsa və yaxud soyuqdəymə əlamətləri varsa təcili olaraq həkimə müraciət eləmək, ehtiyac varsa xəstəxanaya yerləşdirmək lazımdır".

Musa Quliyev yaxın bir ayda problemin öz həllini tapacağını və havaların istiləşməsi ilə əlaqədar olaraq koronavirus və digər virusların da çəkiləcətini bildirib.