"Ermənistan rəhbərliyində təmsil olunanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər" ÖZƏL - MÖVQE

25 Fevral 2020 12:51 (UTC+04:00)

“Bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər ki, gələcəkdə belə hadisələr təkrar olunmasın”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, soyqırımı tərədən cinayətkarların müəyyənləşdirilməsi yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra baş verdi: “Xocalıda baş verən hadisələrin iki əsas motivi var. Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərinin işğal olunması ilə əlaqədardır. Azərbaycan hələ öz sözünü deməyib. Bunun əvəzi gec-tez alınacaq”.

S.Novruzov qeyd edib ki, ermənilər öz saxta “soyqırımlarını” dünyada tanıtmaq üçün lobbiləri vasitəsilə işlər görürlər: “Ancaq Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək”.