BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin icrasını həll etməlidir - TƏHLİL

7 Aprel 2011 01:35 (UTC+04:00)
Ötən əsrdə meydana çıxan iki dünya müharibəsindən sonra humanist dəyərlərin, sülh və təhlükəsizlik şəraitinin hökm sürdüyü yeni dünya düzəni qurmaq uğrunda demək olar ki, bütün dünya dövlətləri bir araya gələrək hökumətlər arasında imzalanan çoxsaylı müqavilə və konvensiyalarla BMT başda olmaqla bir çox nəhəng qurumlar yaradıldı. Qlobal və regional beynəlxalq təşkilatların nizamnamələri, beynəlxalq sazişlər və digər sənədlər əsasında zənginləşən beynəlxalq hüquqda bütün dövlətlərin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət, dövlətlərarası münasibətlərdə qarşılıqlı razılaşma, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq kimi prinsiplər önə çəkilib. Lakin indiki şəraitdə qlobal miqyasda gedən proseslərə və dünya siyasətinə realist mövqedən yanaşdıqda beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin heç də hər zaman başlıca meyar olmadığını görürük. Müxtəlif dövlətlərə münasibətdə bir sıra hallarda bəşəri dəyərlərin deyil, ayrı-ayrı qüvvələrin siyasi, iqtisadi ambisiyaların önə çəkilməsi müasir dövrdə də imperialist maraqların mövcud olduğunu və bu faktorun dünya siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini deməyə əsas verir. Bunun nəticəsi olaraq beynəlxalq hüququn tələblərinin bütün ölkələrə eyni dərəcədə aid olmasına baxmayaraq ikili yanaşma nəticəsində müəyyən siyasi dairələr tərəfindən ayrı-ayrı dövlətlərə qarşı fərqli münasibət, qanunun tələblərinə də fərqli prizmadan yanaşma sərgilənir. Milli mənafeyini beynəlxalq hüququn müəyyənləşdirdiyi sərhədlər çərçivəsində müdafiə edən hər hansı dövlətə qarşı kənardan təzyiq və müdaxilə hallarının dəf edilməsində isə dövlətin qətiyyətli mövqeyi əsas rol oynayır.
Bu baxımdan, bəzi məsələlərlə bağlı müəyyən xarici dairələr tərəfindən oxşar münasibətlə üzləşən Azərbaycan da istisna deyil. Bu bir reallıqdır ki, bəzi dövlətlərin rəsmi nümayəndələrinin bəyanatlarında ölkəmizə qarşı qərəzli, anti-Azərbaycan mövqeyi açıq-aşkar hiss olunmaqdadır. Dəfələrlə müşahidə olunan haldır ki, Azərbaycan rəhbərliyi respublikamıza qarşı xaricdən yönələn hər hansı təxribat xarakterli addıma öz haqlı etirazını bildirdikdə ölkə rəsmilərinin mövqeyi bəzi xarici siyasi dairələr tərəfindən narazılıqla qarşılanır, tənqid hədəfinə çevrilir. Lakin ölkəmiz bizi narazı salan hər hansı məsələ ilə bağlı səbr, təmkin nümayiş etdirdikdə, bu, dərhal bir sıra qüvvələr tərəfindən təqdir olunur. Buna misal olaraq, elə son dövrlərdə gündəmdə olan Xankəndində aeroport istifadəyə verməyə hazırlaşan Ermənistanın qanunsuz fəaliyyətinə Azərbaycan ictimaiyyətinin haqlı etirazına münasibəti göstərə bilərik. Belə ki, işğal altındakı torpaqlarda qanunsuz uçuşlar həyata keçirməyə çalışan Ermənistanın əməlinə cavab kimi Beynəlxalq Mülki Aviasiya üzrə Konvensiyanın şərtlərinə uyğun olaraq ölkəmizin hava sərhədlərini pozan işğalçı ölkə təyyarələrinə qarşı fiziki tədbirlərin görülməsinin qanuni olması barədə respublikada yayılan fikirlər bəzi ölkələrin rəsmi dairələri tərəfindən aqressiv qarşılandı. Lakin Azərbaycan rəhbərliyinin mülki təyyarələrin vurulması niyyətinin olmadığı, Ermənistanın qanunsuz əməlinin qarşısının alınması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etməsi barədə yaydığı rəsmi açıqlamalardan sonra həmin qüvvələr bir qədər geri çəkildilər.
Ümumiyyətlə isə, Azərbaycana münasibətdə ayrı-ayrı siyasi dairələrin və hətta bir sıra dövlətlərin ikili maraqlar çərçivəsində yanaşdığını deyə bilərik. Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycanın torpaqlarını hərbi yolla azad etməkdən hər vəchlə çəkindirməyə çalışan beynəlxalq birlik TŞ-nin qəbul etdiyi bir qətnamənin yerinə yetirilməsi məqsədilə dərhal Liviyada hərbi əməliyyatların başlanmasını kifayət qədər normal qarşılayır.
1994-cü ildə atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfi təmas xəttində silahlı təxribatlar törətməkdə davam edir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyən və müvafiz qətnamələrin yerinə yetirilməsilə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (14 noyabr 1993-cü il) saylı qətnamələrini qəbul etməsinə baxmayaraq, 20 ilə yaxın bir vaxtdır ki, onlar həyata keçirilməyib.
Bu məsələ ilə bağlı danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu bildirib ki, həmsədrlər Ermənistanın qabağından qaçdıqca, ermənilər daha da aqressivləşir. Müharibə ehtimalının artması da məhz Minsk qrupu həmsədrlərin fəaliyyətinin nəticəsidir. BMT-nin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan hərbi yolla torpaqlarını azad etmək məsələsini gündəmə gətirməlidir".
BMT Nizamnaməsinin 25-ci maddəsində birbaşa deyilir: "Təşkilatın üzvləri müvafiq Nizamnaməyə uyğun olaraq TŞ-nın qərarlarını yerinə yetirməklə ona tabe olurlar". Beləliklə də, TŞ qərarları BMT-yə üzv olan dünyanın müstəqil dövlətləri üçün məcburi xarakter daşıyır. Bununla belə, BMT-nin digər orqanlarının qərarları sadəcə məsləhət, tövsiyə xarakteri daşıyır.
Qeyd etməliyik ki, beynəlxalq siyasətdə ikili standartlar, ədalətsiz yanaşma, haqsızlıqlara, işğala, hərbi təcavüzə, günahsız insanların ölümünə göz yumulması halları dünya düzənini pozan tendensiyaların artmasına gətirib çıxarır ki, bu da son nəticədə yeni dünya düzəni formalaşdırmaq zərurəti yaradır. Lakin istənilən halda, kənar təzyiqlərdən asılı olmayaraq Azərbaycan öz yolunda irəliləyir və heç bir xarici qüvvə ölkəmizi suveren hüquqlarının pozulmasından irəli gələn haqlı tələblərindən, qətiyyətli mövqeyindən geri çəkilməyə vadar edə bilməz.