Dünya Xocalı soyqırımını tanımalıdır

24 Fevral 2020 19:27 (UTC+04:00)

Bəli, bu gün hər birimiz xocalılıyıq. Damarından azərbaycanlı qanı axan hər kəs xocalılıdır. Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biridir və bütün dünya bu soyqırımı tanımalı, soyqırımı törədən canilərin kimliyini bilməlidir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bütün qitələr, dinindən, irqindən asılı olmayaraq hər kəs insanlığa qarşı olan bu cinayəti tanımalıdırlar. Bu yolda bütün azərbaycanlılar birlik, həmrəylik nümayiş etdirirlər. Elə bu günlərdə Almaniyada keçirilən Ümumavropa Qarabağ mitinqi bu birliyin, həmrəyliyin nümunəsi oldu. Bu onun təsdiqidir ki, artıq Azərbaycan diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimiz ardıcıl və yorulmaz fəaliyyət göstərirlər. Dünyanın bir çox ölkələrində açılan Azərbaycan evləri və həftəsonu məktəblər, diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirlər dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılmasında əhəmiyyətli rol oynayır.

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən Ümumavropa Qarabağ mitinqinə Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb. Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər. Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Mitinqdə min nəfərdən çox soydaşımız iştirak edib. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənəd qəbul edilib və bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.

İŞĞALÇILIQ MÜHARİBƏSİNİN GEDİŞİNDƏ AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI CİNAYƏTİ

Tarixə nəzər salsaq görərik ki, ermənilərin azərbaycanlılara qarşı qərəzli mövqeyi, təcavüzkar siyasəti tarixin müxtəlif dönəmlərində baş vermişdir. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. 1905-1907, 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 1918-ci ilin mart soyqırımı zamanı 30 mindən çox dinc əhali qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədi ilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur.

Sovetlər dövründə - 1921-ci ildə Zəngəzur mahalı, 1922-ci ildə Göyçə mahalı Ermənistan dövlətinin tərkibinə verilmişdir. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etmişdir. 1948-1953-cü illərdə yüz minlərcə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırımı cinayəti törədilmişdir. Azərbaycanın 20 % torpağının Ermənistan tərəfindən işğalı zamanı 1 milyondan çox azərbaycanlı öz doğma torpağından, yurdundan, evindən didərgin düşüb, bununla da soydaşlarımızın fundamental hüquqları kobudcasına pozulub.

BİR NEÇƏ SAATIN İÇƏRİSİNDƏ YERLƏ YEKSAN EDİLƏN ŞƏHƏR

Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda mülki əhaliyə qarşı qəddarcasına soyqırımı törədilib, bu dəhşətli faciə zamanı 613 nəfər həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Serj Sarkisyan müsahibələrinin birində "biz azərbaycanlıların inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq" - deyə bir bəyanat vermişdi. Bu onun təsdiqi idi ki, erməni çox təhlükəli, qaniçən bir "millət"dir.

Bu gün bütün dünyada insanlar Xocalı soyqırımı ilə məlumatlanmalıdır. Bu Azərbaycana və azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı bir qanlı cinayətdir. Artıq bugünkü Azərbaycan 1992-ci ildəki zəif və gücsüz Azərbaycan deyildir. Bu gün dövlətimiz Xocalı həqiqətlərini dünyaya çatdırmağa, pozulmuş ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Xocalı hadisəsi isə 28 il bundan əvvəl hamımızın, gözü qarşısında törədilən bir hadisədir. Xocalı haqqında həqiqətləri yayaraq dünyaya məzlum, yazıq "xalq" kimi özünü qələmə verən ermənilərin vəhşiliyini, qəddarlığını çatdırmalıyıq.

Nəzakət ƏLƏDDİNQIZI