Azərbaycan tankçıları görkəmli sərkərdənin ata ocağını ziyarət ediblər - VİDEO

24 Fevral 2020 19:01 (UTC+04:00)

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley tədbirləri davam edir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda keçirilən növbəti tədbirlər də ictimaiyyət nümayəndələri, eləcə də hərbi qulluqçular tərəfindən görkəmli sərkərdənin xatirəsinə böyük ehtiramın təcəssümü olmaqla yanaşı, həm də gənc nəslin ata və babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi istiqamətində təqdirəlayiq iş kimi dəyərləndirilib.

Nazirliyin rəsmiləri, Aprel döyüşlərinin və Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarının iştirakçısı olan Azərbaycan Ordusunun tankçılarından bir qrupu Həzi Aslanovun ev muzeyində reallaşan vətənpərvərlik tədbirində general Aslanovun həmyerliləri ilə görüşüb, muzey ekspozisiyası ilə tanış olub, ədəbi-bədii proqramı maraqla izləyiblər.

Cəbhə bölgələrindən gələn tankçılar respublikanın Əməkdar artisti, mayor Cahangir Qurbanovun ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında qarşılanıb.

Qəhrəmanın büstü qarşısına gül çələngi qoyulub, xatirəsi əsgəri ehtiramla yad edilib.

Yubiley tədbirlərinin təşkili üzrə komissiyanın sədr müavini, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ötən ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda qeyd olunur ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Prezident Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə komissiya yaradılıb, Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə planı hazırlanıb və ilin sonunadək bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanov irsinə həmişə yüksək qiymət verdiyi qeyd edilib, Ulu Öndərin qüdrətli sərkərdə haqqında fikirləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb: “Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, “Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümünələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır!”.

Respublikanın Xalq artisti Qabil Quliyev çıxış edərək “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun həmyerliləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq lənkəranlılar adından dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Xalq artistinin təqdim etdiyi rekviyem-kompozisiya böyük maraqla qarşılanıb.

Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarında ölkəmizi layiqincə təmsil edən və dünyanın bir çox ordularının tank heyətlərinə qalib gələn tankçılarımızdan baş gizir Məftun İbrahimov, baş əsgərlər Elvin Rzayev və Əsgər Quliyev yarış təəssüratlarını bölüşüb və bu il də qazanacaqları uğurlarla dünya hərb tarixinə Həzi Aslanov kimi görkəmli bir sərkərdəni bəxş etmiş Azərbaycan xalqına yeni qələbə sevincini yaşadacaqlarına söz veriblər.

Belarusun paytaxtından telefon əlaqəsinə qoşulan Minsk şəhərindəki “Qobustan” Azərbaycan ictimai birliyinin sədri Baxşı Qənbərov Belarus xalqının da Həzi Aslanovun xatirəsini həmişə əziz tutduğunu, Belarus torpağında möhtəşəm abidəsinin ucaldıldığını, yubileylə əlaqədar şəhər və rayonlarda tədbirlər keçirildiyini, televiziya kanallarında mütəmadi olaraq verilişlərin təşkil edildiyini nəzərə çatdırıb və burada yaşayan azərbaycanlıların Həzi Aslanov kimi yenilməz sərkərdə ilə qürur duyduqlarını deyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülmüş cəsur tankçı Paşa Mehdiyev Lələtəpə fatehləri adından tədbir iştirakçılarını salamlayıb. Həmin döyüşlərdə Həzi Aslanovun hərb elminə gətirdiyi yeniliklərdən, döyüş fəndlərindən məharətlə istifadə edərək düşmən üzərində zəfər çaldıqlarını iftixar hissi ilə xatırlayıb və hər an Aprel döyüşləri zamanı qazandıqları qələbəni təkrarlamağa hazır olduqlarını bəyan edib.

Azad Mərdəliyev, Ceyhun Rüstəmov, Bəhruz Quliyev, Emin Şirinov, Emin İslamov və digər tankçıların işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə böyük inam yaradan çıxışları hərarətlə dəstəklənib.
Cəbhə bölgəsindən gələn qonaqlar Aprel döyüşləri zamanı tankçıların istifadə etdikləri tankçı hərbi geyim nümunəsini muzeyə hədiyyə ediblər. Muzeyin direktoru Cəmilə Şərifova Müdafiə Nazirliyinin daim diqqət və qayğısını hiss etdiklərini, muzey fondunun daha da zənginləşdirilməsinə hər cür köməklik göstərdiyini qeyd edərək minnətdarlığını bildirib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Prezident Sərəncamından irəli gələn vəzifələrin qəhrəmanın vətənində də uğurla həyata keçirildiyini bildirib və Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən vətənpərvərlik tədbirlərinin yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sovet Ordusu sıralarında, vaxtilə Həzi Aslanovun xidmət etdiyi Ukraynadakı hərbi hissələrdən birində zabit kimi həqiqi hərbi xidmət keçmiş, sonralar Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş tankçı İlham Qurbanov, müharibə veteranı Saleh Dostiyev və Biləsuvar rayonundan gəlmiş müəllim Bəhruz Rufullayev çıxış edərək ehtiyatda olan hərbi qulluqçuların da Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildiriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri əfsanəvi sərkərdəyə həsr olunmuş mahnılar, şeirlər ifa ediblər.
“Gənc Aslanovçular”ın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tankçıların “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı ətrafa yayılaraq Həzi Aslanovun ata ocağında böyük qələbəliyə səbəb olub.

Tankçılara muzey ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib, birlikdə xatirə şəkilləri çəkdirilib.

Həzi Aslanovun ev muzeyindən xoş təəssüratlarla ayrılan tankçılar sonra Həzi Aslanov adına Xatirə parkına gedərək görkəmli sərkərdənin əzəmətli abidəsini ziyarət edib, qarşısına çələng qoyub, qərənfillər düzüblər.
Həzi Aslanovun ata yurdu Gərmətük şəhər tipli qəsəbəsində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edən tankçılar burada kənd sakinləri ilə görüşüblər.
Məlumat verilib ki, Gərmətük Lənkəranın ən qədim kəndlərindəndir. 1905-ci ildə erməni daşnakları bu kənddə qətliamlar törədərək kəndi viran etdikdən sonra Həzi Aslanovun babaları buranı məcburi tərk edərək Lənkəran şəhərinə köçmüşlər. Gərmətüklülər keçən əsrin 18-ci illərində erməni daşnaklarına, 1941-1945-ci illərdə faşizmə, Qarabağ müharibəsi başlanan ilk günlərdən isə torpaqlarımıza təcavüz edən erməni quldurlarına qarşı mərdliklə vuruşub, kəndin neçə-neçə igid övladı şəhidlik zirvəsinə ucalıb. Həzi Aslanovun həmyerliləri bu gün də Azərbaycan Ordusunda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, hərb sənətinə böyük maraq göstərirlər.

Kənd ağsaqqallarından Sərhad Məmmədov, Rafiq İbadov, Aşur Əsədullayev, Cəmil İbadov və başqaları çıxış edərək Azərbaycan Ordusuna güvəndiklərini, onun uğurlarından fərəh hissi keçirdiklərini dilə gətirib,

Vətənimizin müdafiəsində dayanan Azərbaycan əsgərinə bundan sonra da Həzi kimi mərd, qorxmaz, Vətəninə sadiq bir oğul olmağı, hərbi peşələrə səylə yiyələnməyi, Ali Baş Komandanın etimadını nümunəvi xidmətləri ilə doğrultmağı arzulayıblar.

Tankçılar Həzi Aslanovun həmyerlilərini əmin ediblər ki, Azərbaycanın bayrağı etibarlı əllərdədir və işğal altında olan digər ərazilərimiz də müdrik Prezidentimiz, qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır.