Radikal müxalifətdə istefalar artır - YENİLƏNİB

7 Aprel 2011 00:33 (UTC+04:00)

Radikal müxalifətin 2 aprel aksiyasından sonra bu düşərgəyə qarşı mənfi münasibət göstərənlərin sayı daha da artıb. Nəinki digər vətəndaşlar, hətta radikal müxalifət partiyaların üzvləri belə İctimai Palata adı altında toplaşan qüvvələrin hərəkətlərinə etiraz edir. Dünəndən aldığımız xəbərlərə görə, radikal müxalifətdə növbəti istefalar başlayıb. Bunun da düşərgənin iflasa uğrayan 2 aprel aksiyası ilə birbaşa bağlılığın olduğu bildirilir.

SİA olaraq xəbər vermişdik ki, Bakıda və bölgələrdə Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ADP və Xalq partiyasının ümumilikdə 391 nəfər üzvü bəyanat yayaraq təmsil olunduqları partiyaların sıralarını tərk ediblər. Bu partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. Şəki rayonu ərazisindən radikal müxalifətin yaratdığı İctimai Palatada təmsil olunan müxalifət partiyaların sırasını tərk edərək bəyanat verən şəxslərin kimliyinə aydınlıq gəlib və onların adlarını oxucuların diqqətinə çatdırmışıq.

Bu gün də redaksiyamıza radikal müxalifətdən istefalar ilə bağlı bir neçə məlumat daxil olub. Müsavat Partiyasının Tərtər rayonundan olan 10 üzvü, Ənvər Hüseynov, Nadir Məmmədov, Elnur Nəsibov, Elman Xəlilov, Saleh Haqverdiyev, Namiq Məmmədov, Elşad Təhməzov, Natiq Quliyev, İsa Vəliyev və Ramiz Ağayev Müsavat Partiyası sıralarını tərk etməsi ilə bağlı birgə bəyanat imzalayıb. Bəyanatda qeyd edilib ki, partiya siyasi mübarizə aparmağa qadir deyil və bu partiya dövlət, dövlətçilik, xalq əleyhinə mövqe tutmaqla dövlət çevrilişinə cəhd edir. Partiyadan istefa verənlər həmkarlarını da tezliklə bu partiyadan istefa verməyini xahiş edirlər.

Bəyanatda daha sonra deyilir: "Biz Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Çünki Azərbaycanın sürətli inkişafından, beynəlxalq aləmdə nüfuzunun artmasından tək xarici düşmənlərimiz deyil, "sapı özümüzdən olan baltalar" olan daxili düşmənlərimiz də narahatdır... Biz Müsavat Partiyasının üzvləri respublikamızın sürətli inkişafına kölgə salmağa, ölkədə siyasi sabitliyi pozmağa çalışdıqlarına görə həmin partiyadan istefa verib, Yeni Azərbaycan Partiyasının sıralarına keçirik".

2 aprel tarixli məlum hadisələrlə əlaqədar Şamaxı rayonu sakinləri Ramiz Nehmətov və Azər Osmanov Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP), Elsevər Kərimov və Ceyhun Əliyev isə Azərbaycan Liberal Partiyasından (ALP) istefa veriblər. A.Osmanov bununla verdiyi bəyanatında bir qrup müxalif qüvvələrin ölkədə sabitliyi pozmağa çalışdığını vurğulayıb.

2 aprel hadisələrindən təəssüf hissi keçirdiyini söyləyən A.Osmanov Azərbaycanda olan sosial-iqtisadi inkişafın göz qabağında olduğunu qeyd edib: "Bütün problemlər ildən-ilə aradan qaldırılır. Hamımızın amalı Dağlıq Qarabağın azad olunması məsələsi ətrafında birləşməkdir. Lakin bir qrup müxalif qüvvə əhali arasında çaxnaşma yaratmağa çalışır. Mən bütün müxalif qüvvələrin 2 aprel hərəkətlərini pisləyirəm və üzvü olduğum Klassik Xalq Cəbhəsi Partiyasından imtina edirəm".

KXCP-dən istefa verən Ramiz Nehmətov da bununla bağlı verdiyi bəyanatında qeyd edib ki, İctimai Palata adı altında toplanan qüvvələrin 2 aprel tarixli əməllərindən qəzəblənib və bu hərəkətləri törədənlərə ar olsun deyir. "Onlar bu hərəkəti ermənilərə qarşı etsəydilər, mən də onlarla bir yerdə olardım" yazan C.Əliyev isə bəyanatında bildirib ki, xalq malına ziyan vurmaq düşmən dəyirmanına su tökməkdir: "Bu hərəkətlərə görə öz liderim Lalə Şövkət başda olmaqla İsa Qəmbərə, Əli Kərimliyə ar olsun deyirəm. Onların bu iyrənc siyasətlərinə etiraz olaraq üzvü olduğum Liberal Partiyasından istefa edirəm".

E.Kərimov isə bəyanatında "radikal müxalifətin başında olan Əli Kərimli, Əvəz Teymurxan, İsa Qəmbər və başqalarının biu hərəkətlərini pisləyirəm və onlara ar olsun deyirəm", söyləyib.

Radikal müxalifətin 11-12 mart və 2 aprel tarixlərində Bakı şəhərində keçirmək istədikləri aksiyalara etiraz olaraq Zərdab rayonu üzrə 19 nəfər üzv olduqları müxalifət partiyalarından istefa verib. Onlar birgə bəyanat verərək radikal müxalifətin cəmiyyət daxilində pozucu fəaliyyətini qətiyyətlə pislədiklərini bildiriblər. İstefa verənlərin əksəriyyəti, yəni 11 nəfəri AXCP, 5-i Müsavat, 3-ü isə AMİP-in üzvləri idi.