Xocalı qurbanlarının xatirəsi Daşkənddə anılıb FOTOLAR

24 Fevral 2020 17:29 (UTC+04:00)

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov, Daşkənddəki Katolik kilsəsinin rəhbəri Eji Masuleviç, xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Hüseyn Quliyev Xocalı soyqırımı barədə məlumat verərək deyib ki, 28 il əvvəl erməni silahlıları bir gecədə Xocalı şəhərini yer üzündən sildilər. Bu faciə zamanı Xocalı sakinləri, o cümlədən qocalar, qadınlar, uşaqlar qətlə yetirildi, onların cəsədləri təhqir olundu.

Səfir mərasimdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O deyib ki, 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı isə Xocalı Soyqırımı Günü elan olunub.

Diplomat vurğulayıb ki, Xocalı soyqırımı indiyədək dünyanın 10-dan çox ölkəsi, Amerika Birləşmiş Ştatlarının 20-dən ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.

Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov çıxışında deyib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov ermənilərin qocalara, qadınlara, uşaqlara dəhşətli işgəncələr və zülm verməsinə, təhqir etməsinə heç cür haqq qazandıra bilmədiyini dilə gətirib.

Sonra şəhidlərin ruhuna ehsan verilib.