Çin təhlükəsizlik qüvvələrindən koronavirus manevri - VİDEO

24 Fevral 2020 14:07 (UTC+04:00)

Təhlükəsizlik qüvvələri Çinin Henan əyalətində "Covid-19" (koronavirus) təlimini keçiriblər. Nəzarət əsnasında virus təsbit edilən bir şəxsin polislə əməkdaşlıq etmədiyi təqdirdə tətbiq ediləcək prosedurun görüntüləri Çin polisi tərəfindən sosial mediada paylaşılıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Tonqbai polisinin TikTok və Weibo hesablarından paylaşdığı görüntülərdə, müntəzəm yoxlama zamanı virusu aşkarlanan bir sürücünün nəqliyyat vasitəsini tərk etməsi istənilir. Videoda maşından çıxaraq polisə hücum edən sürücü Çinin SWAT qrupları tərəfindən zərərsizləşdirilir.

Tonqbai polisi videonu sosial mediada "Tongbai polisi epidemiyanı aradan qaldırmaq üçün silahlı təlimlər keçirib" sözləri ilə paylaşıb.

Xatırladaq ki, Çində bu günə qədər virusa yoluxan 2 min 594 insan ölüb. Son 24 saat ərzində ölkədə epidemiya səbəbindən 150 nəfər ölüb, 409 yeni yoluxma halı aşkar edilib.