Erkin Qədirli kimə və nəyə eyham vurub? MÜXALİFƏT

24 Fevral 2020 13:53 (UTC+04:00)

Və ya “REAL” rəsmisindən AXCP-yə siyasi mədəniyyət dərsi

Bəllidir ki, ənənəvi müxalifət düşərgəsində ölkədə cərəyan edən müxtəlif ictimai-siyasi proseslər kontekstində davamlı şəkildə ittihamlar, qarşıdurmalar və ziddiyyətlər yaşanmaqdadır. Hətta belə demək olar ki, mövcud hal adıçəkilən düşərgədə adət şəklini alıb. Kimlərsə seçkilərə qatılırsa, onlar dərhal xəyanətkar elan olunur və hakimiyyətlə iş birliyində günahlandırılır, seçkilərə getməyənlər isə sən demə “əsl müxalifətçi” hesab olunurlar. Lakin unudulur ki, bu gün ittiham edənlər vaxtilə özləri ittiham olunanlar cərgəsində olublar və bu baxımdan həm də belə qənaətə gəlmək olar ki, onların “hakimiyyətə işləyirsən” suçlamaları zamanında onların özlərinə də yönəlib.

“REAL” rəsmisi: “Satqınlıq söhbətini cəbhəçilər edir”

AXCP və “Milli Şura” cütlüyünün artıq geridə qalmış parlament seçkiləri fonunda digər müxalifət cinahını ittiham etmələri, xüsusilə “REAL” funksioneri Erkin Qədirlini iqtidarla iş birliyində günahlandırmaları ikincinin birinciləri sərt cavabı ilə nəticələnib. “Mənim, ya da elə bütövlükdə “REAL”ın ünvanına belə “ittihamları” da gördük”, deyə münasibətini açıqlayan E. Qədirli satqınsıçılıq söhbətlərinin daim cəbhəçilər, daha dəqiqi isə AXCP sədri Əli Kərimli tərəfindən yönləndirildiyini bildirib. Belə ki, “Satqınlıq söhbətini cəbhəçilər edir”, deyən Qədirli onların ritorikasında terminoloji aydınlığın olmadığını bildirib

Maraqlıdır ki, “REAL” təmsilçisi özünü bu partiyanın üzvü olduğunu əsas gətirərək, AXCP-ni, ya da bütövlükdə müxalifəti satmadığını ilginc nüanslarla sübuta yetirib. Misal üçün o deyib ki, hər kəs yalnız öz təşkilatını sata bilər: “Məsələn, mən heç cür AXCP-ni və ya başqa müxalifət partiyasını sata bilmərəm, çünki onların qarşısında heç bir öhdəliyim yoxdur. Mən, nəzəri olaraq, ancaq “REAL”ı sata bilərəm ki, belə bir şey baş verərsə, bundan ancaq “REAL”çılar narahat ola bilərlər.

“Partiyalarından gedən az qala hər kəsi satqın adlandırırlar”

İkincisi, bir təşkiilatdan çıxıb başqa təşkilata girmək, ya da heç bir təşkilata girmədən vaxtılə üzv olduğun təşkilatı tənqid etmək satqınlıq deyildir. “REAL”dan çox adam gedib, ara-sıra “REAL”ı tənqid edirlər, amma heç bir “REAL”çı onları satqın adlandırmır, çünki burada satqınlıqdan söhbət belə gedə bilməz. Belə söhbətləri ancaq cəbhəçilər edirlər, partiyalarından gedən az qala hər kəsi satqın adlandırırlar”.

Beləliklə, satqınçılığın ancaq bir təşkilatda qalaraq, başqa təşkilata işləmək olduğunu xatırladan E.Qədirli AXCP-çilərdən fərqli olaraq, təmsil olunduğu partiyada bənzər halların yaşanmadığını bildirsə də, daha bir məsələyə də toxunub – yuxarıda qeyd edilən “hakimiyyətə işləmək”...

Məsələ ondadır ki, bu gün Azərbaycan xalqının və dövlətçilik maraqlarının əleyhinə uzun illərdir ki, fəaliyyət göstərən radikal təfəkkürlü dağıdıcı müxalifət ünsürləri zaman-zaman xarici təşkilatlarla, çoxsaylı beynəlxalq QHT-lərlə sifarişlər əsasında iş birliyi aparıb. Xüsusilə, donorluqları erməni lobbisi tərəfindən həyata keçirilən müxtəlif Qərb qurumları ilə sıx əlaqələrdə bulunan, onlar qarşısında öhdəliklər götürən AXCP, Müsavat və s. bənzər radikal qruplar bu vasitə ilə birbaşa xəyanətkarlıq mövqelərini ortaya qoyublar. Halbuki, müxtəlif ümummilli məsələlərdə hakimiyyətlə dialoqa gedən tərəfləri “xəyanətkar”, “satqın” adlandırıblar.

“Müxalifətin hökumətlə açıq münasibətləri mütləq olmalıdır”

Bu xüsusdan da çıxış edən “REAL” təmsilçisi bildirib ki, ümumiyyətlə, hökumətlə anlaşmaq, onunla əməkdaşlıq etmək isə tamam başqa söhbətdir, onun satqınlıqla heç bir əlaqəsi yoxdur. O, hətta müxtəlif qurumlarla əlaqəli olduğunu da inkar etməyərək, bunu normal siyasətin tərkib hissəsi kimi qiymətləndirib: “Şəxsən mənə gəlincə, mənim hakimiyyətin çeşidli çevrələri və qurumlarıyla əlaqələrim heç zaman sirr olmayıb. Bu əlaqələrin də “REAL”la heç bir bağlılığı olmayıb. Mən bu əlaqələrimdən nə özüm üçün bir fayda götürmək, nə də başqalarına ziyan vurmaq üçün istifadə etmişəm. Mən bu əlaqələrimi "məsafəli hörmət" adlandırıram... Odur ki, mənim də hakimiyyətdəkilərlə, bu günə olan duruma görə, heç bir anlaşmam yoxdur. Yaxınlaşma var, anlaşma yoxdur. Olacaqsa, biləcəksiniz. Mən açıq yaşayır, açıq oynayıram. Müxalifətin hökumətlə açıq münasibətləri mütləq olmalıdır. Bunsuz siyasi mədəniyyət inkişaf edə bilməyəcək”.

Nəticə etibarı ilə onu ittiham edən qaragüruhçulara həm də siyasi mədəniyyət dərsi keçən E.Qədirli əslində ona qarşı ünvanlanan ittihamlara istər dolayı, istərsə də birbaşa sərt cavab verib və əslində, xəyanətkarların, satqınların da kimlər olduğunu sübuta yetirmiş olub.

Rövşən RƏSULOV