Koronavirusa yoluxmamaq üçün bunlara - MÜTLƏQ ƏMƏL EDİN

24 Fevral 2020 12:57 (UTC+04:00)

“Bildiyiniz kimi 2019-cu ilin dekabr ayından başlayaraq koronavirus dünyada yayılıb. Bütün dünyada bu xəstəliyə qarşı profilaktik tədbirlər həyata keçirilib. O cümlədən Azərbaycanda da Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən bütün profilaktik tədbirlər həyata keçirilir”. Bu SİA-ya açıqlamasında Respublika Gigiyena və Epidemioliga Mərkəzinin Baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, bizə həmsərhəd olan İran İslam Respublikasında da xəstəlik qeydə alınıb: “Bununla əlaqədar olaraq ümumilikdə Azərbaycanın bütün sərhəd keçid məntəqələrində önləyici tədbirlər gücləndirilib. Bü gün üçün Azərbaycanda vəziyyət tam sabitdir”.

A.Əliyeva qeyd edib ki, bu, qripə bənzər bir xəstəlikdir: “Xəstəliyin simptomları qripdə olduğu kimidir. Hər bir insan çalışmalıdır ki, insanların sıx toplaşdığı yerlərdən uzaq olsun. Hər hansı şübhəli xəstə görürlərsə, qripə yoluxmuş xəstə belə olsa o şəxsdən bir qədər uzaq olmaq və mümkün qədər yaxın təmasdan çəkinmək lazımdır. Evə gəldikdə isə ilk əvvəl əllərinizi sabunla təmiz yumalı, spirt tərkibli preparatlardan istifadə edərək əllərinizi dezinfeksiya etməlisiniz. Məktəblərdə, təhsil müəssisələrində, iş yerilərində fasilələr zamanı otaqların havasını dəyişilməsi, dezinfeksiya tədbirlərinin gücləndirilməsi vacibdir”.

Baş direktorunun müavini vurğulayıb ki, əgər evdə xəstə varsa, yataq rejiminə riayət etməli və mütləq şəkildə həkimin təyinatı ilə müalicə olunmalıdır: “Evdə ona qulluq edən şəxslər maskalardan istifadə etməlidir. Xəstə üçün istifadə olunan qab-qacaqları, əşyaları ayırmalıdır. Xəstə otaqdan çıxdıqda otağın havası dəyişdirilməli, dezinfeksiya edici preparatlarla nəm üsulla evləri dezinfeksiya etmək lazımdır. Çirikli əllərlə ağıza, buruna, gözə toxunmaq olmaz. Bu elementar qaydalara hər bir kəs riayət etməlidir. Ümumilikdə xəstə insan özü hökmən tibbi maskalardan istifadə etməlidir. Xroniki ağciyər və digər xəstəlikləri olan insanlar arasında hər hansı bir əlamət görülüdükdə, hətta qripə belə şübhə olarsa, onların yoxlanılması vacibdir. Yenidən təsdiq edirəm ki, bu gün üçün ölkədə vəziyyət tam sabitdir, koronavirusa şübhəli heç bir xəstə yoxdur və müşahidə tədbirləri davam etdirilir”.