Azərbaycanın növbəti diplomatik qələbəsi TƏHLİL

24 Fevral 2020 12:45 (UTC+04:00)

Azərbaycana qarşı erməni təcavüzü və yürütdüyü soyqırım siyasəti artıq dünya ictimaiyyətinin diqqətini son zamanlar daha çox cəlb edir. Terror təhlükəsi, separatçılıq və qətllərin dünya miqyasında artması, bütün dünyanın qaçqın problemi ilə üzləşməsi fonunda Azərbaycana qarşı erməni təcavüzünün, işğal faktlarının, işğalçıların soydaşlarımıza qarşı törətdiyi kütləvi şəkildə qətliamının, vətəndaşlarımızın yurd-yuvalarından didərgin salınmasının dünya ictimaiyyəti tərəfindən etiraf edilməsi başadüşüləndir. Çünki, artıq beynəlxalq ictimaiyyət terror, təcavüz, soyqırım, qaçqınlıq problemi hallarının təkcə Azərbaycan üçün deyil bütün dünya ölkələri və xalqları üçün həssas mövzu olduğunun fərqindədir və bu baxımdan da artıq törədilənlərə həssas yanaşılır.

Son dövrdə baş verən hadisələr, xüsusən, ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusenin Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı bəyannamə imzalaması da təsdiq edir ki, heç də ermənilərin törətdiyi Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin diqqətindən yayınmayıb. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib.

Bu, əslində ölkəmizə qarşı erməni təcavüzünün Qərb ölkəsində etirafının bir nümnəsidir və heç şübhəsiz ki, bu etiraf özü-özlüyündə həqiqətən ermənilərin vandallığının Qərb ölkələrində qəbul edildiyini təsdiq edir. Həm də onu təsdiq edir ki, Qərb sözün əsl mənasında ermənilərin kimliyindən, törətdiklərindən, təcavüzkar xislətindən, terrorçuluq siyasətindən yetərincə xəbərdardır. Doğrudur, ermənilərin Dağlıq Qarabağa təcavüzü, işğalçılıq, terrorçuluq, soyqırım siyasəti, törətdiyi qətllər barədə dünya ictimaiyyəti bundan əvvəl də məlumatlı idi. Lakin, diqqət çəkən məqam odur ki, artıq bu məlumatlılıq etiraf olunur və ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusenin ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannaməsinin timsalında, yeri gələndə bir sıra rəsmi bəyannamələrdə də öz əksini tapır.

Etiraf etmək lazımdır ki, bütün dünyada erməni lobbisinin hansısa məqamda, hansısa təsir variantı var və bir çox hallarda hadisələrə bilavasitə təsir edə və törətdiklərini təkzib etdirmək imkanına da malik olur. Göründüyü kimi artıq bu lobbi belə Azərbaycan həqiqətlərinin qarşısını kəsə bilmir. Əvvəla ona görə ki, artıq dünya terroru qlobal bir təhlükə hesab etdiyindən, həm də məhz Azərbaycanda terrorun ən dəhşətlisinin ermənilər tərəfindən törədildiyi faktı sübut edildiyindən bu məsələlərə dırnaqarası yanaşılmır və erməni lobbisinin əks təsirləri nəzərə belə alınmır. Digər tərəfdən ölkə başçısının rəhbərliyi ilə aparılan düzgün siyasət, ərazi bütövlüyümüzün müdafiəsi istiqamətində nümayiş etdirdiyi iradə, erməni vandalizmi səbəbindən həyatını itirən şəhidlərin haqq işinin müdafiəsi, yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin haqq və hüquqlarının müdafiəsi sayəsində dünya Azərbaycan həqiqətlərini etiraf etməli olur.

Məsələ burasındadır ki, dünya ictimaiyyəti, xüsusən Qərb ölkəmizə qarşı erməni təcavüzünü, torpaqlarımızın işğalını təsdiqləyən beynəlxalq sənədlərdən də xəbərdardır və bu barədə çox müfəssəl məlumata malikdir. Xatırladaq ki, sözügedən bəyannamədə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri də qeyd olunur və bu heç də təsadüfi deyil. Əslində, bu qətnamələrin qeyd olunması onu göstərir ki, əvvəla Azərbaycanın haqlı olduğu bütün beynəlxalq sənədlərdə də öz əksini tapır, digər tərəfdən bu həm də o deməkdir ki, artıq bütün dünya bu sənədlərə istinad edir. Məsələn, bəyannamədə vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ABŞ Dvlət Departamenti və Ağ Ev tərəfindən dəstəklənir.

Bir fakta da diqqət yetirməyə dəyər ki, bəyannamədə deyildiyi kimi, bütün bu faktları nəzərə alaraq, Skoki meri Corc Van Dusen 2020-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan edib. Qeyd edək ki, bu diqqətə layiq məqamdır və xüsusilə vurğulanmalıdır. Ona görə vurğulanmalıdır ki, indi ermənilərin bütün dünyada canfəşanlığının, həqiqətləri etiraf etmək cəhdlərinin fonunda belə bir bəyannamə, xüsusən də 2020-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan etməsi bizim uğurumuzdur. Bu xüsusilə beynəlxalq tribunalarda, ən mötəbər platformalarda ölkə başçısı Canab Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradənin, apardığı düzgün siyasətin, düşünülmüş strategiyanın, ümumilikdə Azərbaycanın diplomatik qələbələri sırasındandır və növbəti qələbəsidir.