MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

22 Fevral 2020 16:32 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb. SİA-nın məlumatına görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki ( 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.