Tacikistan qonşu ölkələrdən su təzminatı alacaq?

22 Fevral 2020 16:00 (UTC+04:00)

Tacikistanın Enerji və Su Ehtiyatları Nazirinin müavini Cəmşəd Şoimzoda gələcəkdə respublikada istehsal olunan su ehtiyatlarından istifadəyə görə qonşu ölkələrdən kompensasiya ala biləcəklərinə ümid edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, sovetlər birliyi dövründə respublikalardan sudan istifadə müqabilində qaz, benzin və digər ehtiyatlar alınırdı. O hazırda bununla əlaqədar belə bir mexanizmin olmadığına görə təəssüfləndiyini dilə gətirib.

C. Şoimzoda gələcəkdə Tacikistan və qonşu ölkələr arasında əlaqələrin qurulması ilə yanaşı bu məsələdə irəliləyişlərin olacağına ümid etdiyini bildirdi.

Nazir müavini Orta Asiyanın su ehtiyatlarının 65 faizdən çoxunun Tacikistan tərəfindən istehsal edildiyini əlavə edib.