Son 10 ildə Əfqanıstanda münaqişə qurbanlarının SAYI

22 Fevral 2020 15:30 (UTC+04:00)

Əfqanıstandakı BMT-nin Yardım Missiyasının (UNAMA) hesablamalarına görə, son 10 ildə Əfqanıstan münaqişəsində 100 mindən çox insan yaralanıb və ya dünyasını dəyişib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Missiyanın 2009-cu ildən sistematik şəkildə apardığı hesablamalara görə, 10 il müddətində 35 min insan dünyasını dəyişib, 65 min insan müxtəlif yara alıb. Bununla yanaşı, ayrı-ayrı şəxslərin, ailələrin və icmaların fiziki, əqli, sosial və iqtisadi rifahına vurulan zərbələri nəzərə alaraq, münaqişənin mənfi təsirlərinin daha geniş miqyası əhatə etdiyi bildirilir.

2019-cu ildə Missiyanın mülki əhali arasında apardığı hesablamalara görə, 10 392 silahlı münaqişə qurbanı qeydə lınıb. Onlardan 3403 nəfəri həlak olub, 6989 nəfər isə yaralanıb. Bu rəqəmin 2018-ci ilə nisbətən 5% az olduğu bildirilir. Belə ki, 2018-ci ildə münaqişə qurbanlarının ümumi sayı 10 min 994 nəfər olub.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet döyüşən tərəflərin qadınların, kişilərin, oğlan və qız uşaqlarının bomba, atəş, raket və digər silahlar nəticəsində ölümünün qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırış edib.