Parisdə Xocalı soyqırımının anım tədbir keçirilib

22 Fevral 2020 09:41 (UTC+04:00)

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. SİA xəbər verir ki, tədbirdə səfirliyimizin müşaviri Vaqif Ağayev və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan Xocalı soyqırımı və “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat veriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərdən danışan müşavir V. Ağayev bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə hər il fevralın 26-sının “Xocalı Soyqırımı Günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Həmçinin o, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərindən də söz açıb.

Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünyanın 40-dan çox ölkəsində həyata keçirilib. Ədalət öz yerini tutana qədər “Xocalıya ədalət!” kampaniyası davam edəcək. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

V.Ağayev diqqətə çatdırıb ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Taha Ayhan rəhbərlik etdiyi Forumun Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasını dəstəklədiyini bildirib.
Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Prezident İlham Əliyevin Azərbaycana qarşı erməni təcavüzünə laqeyd qalmamaqla bağlı beynəlxalq təşkilatlara çağırışını alqışlayır. Gənclər Forumu Xocalı soyqırımını törətmiş erməni qatillərinin cəzalandırılması məqsədilə göstərdiyi səylər və apardığı bütün kampaniyalarda həmişə Azərbaycanın yanındadır.

T.Ayhan Xocalı qətliamını icra edənlərdən biri olan David Xeyriyanın Beyrutda nəşr etdirdiyi “Xaç naminə” kitabında yazdığı xatirələrindən sitatlar gətirib. Bildirib ki, Xocalı faciəsini törətmiş, uşaqlara, qadınlara, qocalara işgəncə vermiş, onları amansızlıqla qətlə yetirmiş qatillər hələ də cəzalanmayıb. “Xocalıya ədalət!” kampaniyası qatillər cəzalandırılana qədər davam edəcək. “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, eləcə də erməni silahlı birləşmələrinin ölkəmizin işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması zərurəti ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Anım tədbirində Xocalı faciəsindən bəhs edən, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun bu faciənin şahidləri ilə bağlı çəkdiyi filmlər nümayiş olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin şahidləri xatirələrini bölüşüblər.

Anım tədbirində Fransada akkreditə olunmuş diplomatik korpusun, eləcə də yerli ictimayyətin nümayəndələri, jurnalistlər, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.