Naxçıvan Qarnizonu Tam orta məktəbində “Beynəlxalq Ana dili Günü” ilə bağlı tədbir keçirilib

21 Fevral 2020 23:32 (UTC+04:00)

21 fevral 2020-ci il tarixində Naxçıvan Qarnizonu Tam orta məktəbində 21 Fevral - “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra tədbiri Naxçıvan Qarnizonu Tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açıb. Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz yoldaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı, mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mütəllimova Təranə “Ana dilimizlə fəxr edirik” mövzusunda çıxış edib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Tədbirin bədii hissəsində şagirdlər Ana dilimiz haqqında dahi şəxsiyyətlərin kəlamlarını və şeirlərini səsləndirdilər. Həmçinin, onlar dilimizin yad təsirlərdən qorunması ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda məktəb kollektivi tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilib.