"Bakı şəhərinin Baş Planı hazırlanır" Ramiz Babayev

21 Fevral 2020 16:44 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusilə Ekoloji Ekspertiza idarəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir çox istiqamət üzrə sıx əməkdaşlıq edir. SİA xəbər verir ki, bunu ETSN-nin bu gün keçirdiyi mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev deyib.

Onun sözlərinə görə, bu gün təqdim edilən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaranması, məlumat mübadiləsi işinə həmçinin Komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək.

“Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb. Həmin komissiyada da ETSN ilə əməkdaşlıq edilir. Baş Planla bağlı qeyd etmək lazımdır ki, iş artıq ikinci mərhələdədir. Xatırladaq ki, birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir. İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk.

Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək”, deyə Ramiz Babayev bildirib.