Vizual məlumat bazasının yaradılması müsbət başlanğıcdır

21 Fevral 2020 16:12 (UTC+04:00)

Bu gün elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır. SİA xəbər verir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün nazirliyin keçirdiyi mətbuat konfransında deyib.

“Etiraf edək ki, yenə də istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırır.

Etiraf etməliyik ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, müxtəlif infrastruktur layihələri icra olunur. Təbiidir ki, bu işlərin görülməsi zamanı yaşıllıqların köçürülməsi və götürülməsinə də zərurət yaranır. Bəzən də yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir.

Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkəmizin hər yerində kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb”, deyə nazirliyin mətbuat xidmətinin rəhbəri bildirib.