İtaliya-Azərbaycan Birgə Bəyannaməsi nə vəd edir? ŞƏRH-ÖZƏL

21 Fevral 2020 16:07 (UTC+04:00)

“Bildiyiniz kimi Prezident İlham Əliyev İtaliyaya dövlət səfəri edib. Bu cür səfərlər özü-üzlüyündə iki ölkə arasında əlaqələrin əhəmiyyətini özündə təzahür edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, Azərbaycan İtaliya üçün əhəmiyyətli tərəfdaşdır və bu səfər ölkəmizin İtaliya üçün nə qədər önəmli olduğunu göstərmiş oldu: “Bununla yanaşı İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb”.

Azərbaycan Prezidenti İlham Əliyevin iki il bundan öncə İtaliya Prezidentini qəbul etdiyini xatırladan deputat söyləyib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq davamlı xarakter daşıyır: “Ötən ilin payızında Azərbaycana İtaliyanın rəsmi ikinci şəxsi hesab olunan Parlamentin sədri Azərbaycana, Azərbaycanın Birinci-vitse-prezidenti meriban Əliyeva bir il bundan öncə İtaliyaya səfər etmişdi”.

R. Musabəyov söyləyib ki, İtaliya iqtisadi göstəricilərinə görə, Avropa Birliyində üçüncü mövqedə dayanır: “ Bu gün İtaliya öz istədiyi ölkələrlə əlaqə qurub saxlamağı bacarır. Azərbaycanla İtaliya hərbi sanəye sahəsində də mühüm əməkdaşlığa malikdir. Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyevin Avropa Birliyində mövqeləri güclü olan dövlətə səfəri həm iki ölkə arasında münasibətlərin inkişafı, həm də Azərbaycanın Aİ ilə siyasi münasibətlərinə töhfə verəcək”.

Deputat İtaliya və Azərbaycan arasında imzalanmış Birgə Bəyannaməni xüsusi vurğulayaraq sənədin Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün gözəl əsas təşkil edə biləcəyini dilə gətirib.