"Travel Business Azerbaijan 2020” Azərbaycan turizminə nə qazandıracaq? RƏY - ÖZƏL

21 Fevral 2020 14:27 (UTC+04:00)

Xəbər verdiyimi kimi, aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Bəs görəsən bu tədbir Azərbaycanın turizm sahəsinə necə təsir göstərək, Azərbaycan vətəndaşları bundan faydalana biləcəkmi?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycanın Turizm Bürosunun icraçı direktorunun müavini Bəhruz Əsgərov söyləyib ki, Travel Business Azerbaijan 2020” tədbirinin Azərbaycanda keçirilməsinin ən əsas məqsədi ölkəmizə gələn turistlərin sayının artırılmasıdır: “Tədbirin əsas üstünlüyü onun biznes tədbiri olması və ölkəmizdə ilk dəfə keçirilməsidir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Burada Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub. Bu, onların Azərbaycanın turizm infrastrukturu ilə tanış olması, ölkəmizdə olan turizm şirkətləri, tur operatorlarla ilə görüşlər keçirməyə imkan verəcək”.

Büro rəsmisi bildirib ki,sözügedən tədbirdə beynəlxalq nümayəndələrlə yanaşı, yerli turizm şirkətlərinin də nümayəndələri iştirak edəcəklər: “Hər kəsin bir araya gəlməsindən istifadə edərək Azərbaycan Turizm Bürosu tədbir çərçivəsində yeni layihənin təqdimatını keçirəcək. Yeni layihənin məqsədi xaricdə olan turist şirkətlərinin, tur operatorlarının Azərbaycana səyahət etmədən, onların üzərində Azərbaycan mədəniyyəti, turizmi, gəzməli, görməli yerləri, iqlimi, təbiəti haqqında audio və video şəklində ala biləcəklər. Bu kurs şəklində həyata keçirilir. Kurs bitdikdən sonra imtahandan yüksək bal toplayan turizm şirkətləri sertifikatlarla təmin olunmaqla artıq Azərbaycan turizmi üzrə mütəxəssis hesab olunacaqlar. Bu layihənin həmin tədbirdə təqdim edilməsinin məqsədi orada daha geniş turizm auditoriyasının olmasıdır”.

B.Əsgərov vurğulayıb ki, Azərbaycana gələn turistlərin daha çox Şərq ölkələrindən olduğu düşünülsə də, son dövrlərin statistikasına baxdıqda Avropadan Azərbaycana gələn turistlərin sayında da xeyli artımın olduğunu görmək mümkündür: “Biz bu tədbiri hazırlayanda da bu faktor nəzərə alınıb. Tədbirin əsas məqsədi Azərbaycanın böyük kütləyə çatdırmaqdır. Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün 5 istiqamətdə səfərlər təşkil olunacaq. Bu da onlara Azərbaycanın turizm potensialını öz gözləri ilə görmək imkanı qazandıracaq”.